Son kömür elektrik stansiyası olan “Ratcliffe-on-Soar” bağlanıb
Böyük Britaniya 30 sentyabrdan etibarən kömürlə elektrik enerjisi istehsalını dayandıran ilk G7 (Böyük yeddilik) ölkəsi olub. Son kömür elektrik stansiyası olan İngiltərənin Midlands şəhərindəki “Ratcliffe-on-Soar” bağlanıb. AYNA xarici mediaya istinadən bildirir ki, bu, Böyük Britaniyada 140 ildən çox davam edən kömür enerjisinə son qoymaq deməkdir.
2015-ci ildə Böyük Britaniya iqlim hədəflərinə çatmaq üçün daha geniş səylərin bir hissəsi olaraq növbəti on il ərzində kömürlə işləyən elektrik stansiyalarını bağlamağı planlaşdırdığını açıqlamışdı. “France24” xəbər verir ki, o zaman ölkədə elektrik enerjisinin demək olar ki, 30 faizi kömür hesabına istehsal olunurdusa, keçən il bu rəqəm 1 faizdən bir qədər çox olub.
“Böyük Britaniya kömür enerjisindən görünməmiş sürətlə uzaqlaşmağın mümkün olduğunu sübut etdi”, deyə kömürdən tədricən imtina etmək istəyən 60-a yaxın milli hökumətdən ibarət “Powering Past Coal” Alyansının katibliyinin rəhbəri Julia Skorupska deyib.
Enerjidə kömürdən istifadənin azaldılması Böyük Britaniyada istixana qazı emissiyalarının azalmasına kömək edib. Bu emissiyalar 1990-cı ildən iki dəfədən çox azalıb.
Enerji emissiyaları dünya üzrə ümumi istixana qazı emissiyalarının təxminən dörddə üçünü təşkil edir.
Aprel ayında əsas sənayeləşmiş G7 ölkələri növbəti onilliyin birinci yarısında kömür enerjisindən imtina etmək barədə razılığa gəliblər. Kömür enerjisi hələ də Almaniyanın elektrik enerjisinin 25 faizdən çoxunu və Yaponiyanın elektrik enerjisinin 30 faizdən çoxunu təşkil edir.