“Münaqişənin daha da gərginləşməsi bu məqsədə çatmağı çətinləşdirəcək”
ABŞ dövlət katibi Antoni Blinken BMT Baş Assambleyasının 79-cu sessiyası çərçivəsində İsrail-Livan sərhədində müvəqqəti atəşkəs haqqında razılığın əldə olunması ilə bağlı İsrailin strateji işlər naziri Ron Dermerlə müzakirə edib. Bu barədə AYNA xarici mediaya istinadən bildirir.
“Dövlət katibi İsrail-Livan sərhədində 21 günlük atəşkəs, eləcə də sərhədin hər iki tərəfindəki mülki şəxslərin öz yerlərinə qayıtmasına imkan verəcək diplomatik nizamlanma haqqında razılığın əldə edilməsinin vacibliyini müzakirə edib”, ABŞ Dövlət Departamentinin məlumatında qeyd olunub.
Blinkenin sözlərinə görə, “münaqişənin daha da gərginləşməsi bu məqsədə çatmağı çətinləşdirəcək”.
Bundan əlavə, dövlət katibi və İsrail naziri Qəzza zolağında atəşkəsə nail olmaq üçün davam edən səyləri müzakirə ediblər. Blinken qeyd edib ki, “bütün tərəflər razılığa gəlmək üçün zəruri olan çətin qərarları qəbul etməlidir”.
Öz növbəsində İsrailin Baş naziri Benyamin Netanyahunun ofisi bildirib ki, İsrail yaxın günlərdə ABŞ-ın atəşkəs təşəbbüsünü müzakirə etməyə davam edəcək.
Məlumatda deyilir: “İsrail bizim şimal sərhədimizdə yaşayan insanların təhlükəsiz şəkildə öz evlərinə qayıtmasını təmin etmək üçün ABŞ-ın rəhbərlik etdiyi təşəbbüsün məqsədlərinə şərikdir. İsrail ABŞ-ın bu istiqamətdə səylərini yüksək qiymətləndirir. Çünki ABŞ-ın regionda sabitlik və təhlükəsizliyin möhkəmləndirilməsində rolu əvəzsizdir”.