“Bizim ilham pərisini gözləmək şansımız yoxdur”

Mədəniyyət

02.04.2022 - 20:25

Pərviz Məmmədov: “Ssenaristin arzusu: yaxşı qonorar, kifayət qədər zaman və ssenari biliyi olan sifarişçi”

Filmlərin görünən simaları aktyorlar olduğu üçün, daha çox onlar tanınır, sevilir və filmlər də onların sayəsində mənfi və ya müsbət qiymətləndirilir. Halbuki bir filmin ərsəyə gəlməsində onun ssenari müəllifinin zəhməti danılmazdır. Azərbaycanda barmaqla sayılacaq qədər ssenarist var ki, cəmiyyətdə tanınır. Əksəriyyəti kulis arxasında sakitcə işlərini öz görməklə məşğuldur.

AYNA-nın həmsöhbəti bir çox filmlərin ssenari müəllifi olan Pərviz Məmmədovdur. Beləliklə:

- Pərviz bəy, bu gün bütün rejissor və aktyorların ən yaralı yeri ssenaridir. Hansını dindidirsən, deyir ki, Azərbaycanda peşəkar ssenarist çox azdır. Bu fikirlə razısınız?

- Bəli, bunu eşitmişəm, amma bu fikirlə razı deyiləm. Ölkədə kifayət qədər peşəkar ssenarist var. Sadəcə, yaxşı ssenari tələb edən rejissor və ya prodüserlər həmin ssenarinin dəyərini qarşılamağı bacarmalıdırlar. Eyni zamanda o ssenarinin hazır olması üçün ssenaristə kifayət qədər zaman verməlidir. Bu iki nəsnə təqdim edilmədən ssenaristdən yaxşı ssenari gözləmək sadəlövhlük olardı.

- Ssenaristlər öz təxəyyüllərini yazmağa üstünlük verirlər, yoxsa onlara tapşırılan bir xətt üzərindən ssenari qurmalı olurlar?

- Həm elə, həm də belə olur. Sifariş olana qədər öz təxəyyülünə üstünlük verirsən, səni narahat edən problemlərdən, mövzulardan yazırsan. Sifariş olduqda isə sifarişçinin maraqları önə çıxır.

- Ssenarist olmaq üçün əsas istedaddır, yoxsa çoxlu mütaliə?

- Ssenaristlik – müəyyən struktur və qaydaların olduğu, öyrənmək bacarığı olan hər kəsin öyrənə biləcəyi bir peşədir. Deyərdim ki, tamamilə biliyin üzərindədir. İstedadın olması, əlbəttə, üstünlükdür.

- Ssenarist ilə yazıçının fərqi nədədir?

- Ən əsas fərq ondadır ki, ssenarist ekranda göstərilə bilməyəcək heç bir şeyi yaza bilməz. Yazıçı üçün isə belə bir məhdudiyyət yoxdur. Ssenarist mütləq şəkildə süjeti, hadisə ardıcıllığını qurmalıdır. Lakin yazıçı üçün “əsərdə mütləq süjet olmalıdır” kimi bir öhdəlik yoxdur. Yazıçı üçün istedad önəmlidirsə, ssenarist üçün bu, sadəcə üstünlükdür. Ümumiyyətlə, ssenarist və yazıçı peşələri yaxın görünsə də, tamamilə fərqli sahələrdir.

- Niyə bizim ssenaristlər başqa ssenaristlər kimi daha yaxşı qazana bilmirlər?

- Burada bir neçə amil var. Müstəqil şirkətlər haqlı olaraq ayırdıqları maliyyənin qaytarılmasını istəyir. Bu, ən azından kommersiya filmi üçün belədir. Kinoteatr tamaşaçısının kifayət qədər olmaması, filmi xarici ölkələrə satmağın demək olar ki, qeyri-mümkün olması filmə ayrılan büdcəni də avtomatik olaraq azaldır. Mədəniyyət Nazirliyinin isə bir filmə ayırdığı maliyyə bir çox hallarda az olduğundan ssenaristə də nəticə etibarilə az qonorar çatır.

- Niyə bizim filmlərin ssenariləri primitiv və hamısı bir-birinə bənzəyir?

- Bilirsiz, bəzən müəllif zaman azlığından işlədiyi mövzunu və həmin janrda olan filmləri kifayət qədər araşdırmır, bazarda artıq nələrin olduğundan məlumatsız olur. Nəticədə filmlər bir-birinə bənzəyir. Ssenarilərin primitiv olmasına gəlincə isə, bu, ssenaridə struktur və qaydaların olmadığına görədir. Ssenarilər struktur və qaydalara görə işlənsə, hətta eyni mövzunu müxtəlif müəlliflər fərqli və maraqlı təqdim edə bilərlər.

- Bu gün niyə ssenarilərdə oxşar səhnələr yazılır? Sonluqlar da demək olar eyni olur.

- Bu cür ssenarilər ssenari qaydaları nəzərə alınmadan yazılır. Səhnənin strukturu, bədii həlli nəzərə alınmır. Yeni bir həll variantı axtarılmır. Ağıla öncə nə gəlirsə, o da yazılır. Sonluq isə həmin səhnələrin gətirib çıxardığı nəticədir. Süjetdə gözlənilməzlik olmadığından sonluq da digər səhnələrdən heç nə ilə fərqlənmir.

- Siz həm də aktyor kimi fəaliyyət göstərirsiniz. Bu cür fərqli, eyni zamanda yaxın sahədə eyni anda fəaliyyət göstərmək çətin deyil?

- 2018-ci ildən başlayaraq paralel olaraq teatrla da məşğul oluram və “dOM” teatrının üzvüyəm. Bir çox tamaşalarda həm aktyor, həm də rejissor köməkçisi kimi fəaliyyət göstərmişəm. Əlbəttə ki, aktyor kimi fəaliyyət göstərmək çətindir. Elə rejissor köməkçisi kimi də. Bunlar başqa sahələrdir. Ötən il “Ata ocağı” serialına qonaq oyunçu olaraq çəkildim. Ssenaristin aktyorluq etməsi əslində maraqlıdır. Ssenarini başa düşürsən, ssenaristin fikrini daha yaxşı anlayırsan. Eyni zamanda da bu, başqa bir peşədir. Serialdan sonra yaşadığım qəsəbədə insanlar mənə “Fərid” (obrazın adı ilə) deyə müraciət edirdilər. Yaxınlaşıb aktyorluğumu bəyəndiklərini bildirirdilər. Əslində, heç vaxt aktyorluğa iddiam olmayıb. Özümə aktyor kimi müraciət edilməsini də xoşlamıram. Aktyorlardan utanıram.

- Ssenarini yazandan sonra obrazlara aktyor seçimində rejissora yardım edirsiniz? Olubmu ki, hansısa obraza seçilən aktyoru bəyənməyib, aktyorun dəyişməsini təkid edəsiniz?

- 2018-də “İnterAz” televiziyası üçün “Cavad baba və dostları” adlı uşaq verilişi hazırladıq. Kastinqi prodüser, rejissor və mən etdim. Həmin vaxt müəyyən fikir ayrılıqlarımız olsa da, sonda istədiyimiz uşaqları seçə bildik. Hazırda isə çəkilişinə hazırlaşdığımız bir qısa filmin aktyor seçimini rejissorla birgə edirik. Sülh şəraitində. Ümumiyyətlə, mənim üçün hər zaman layihənin, filmin uğurlu alınması daha çox önəmlidir, nəinki mənim fikrimin həyata keçməsi.

- Deməli, yaxşı ssenarilər var, pul verən yoxdur?

- Bəli, yaxşı ssenarilər var. Pul verən yox, ssenaristin anlaşa bilməyəcəyi şəxslər var, deyək. Düzdür, maliyyə çox rol oynayır. Prodüserlər çox zaman istehsalı minimum xərc tələb edən ssenarilər axtarır, istehsalı üçün çox büdcə tələbə olunan ssenarilərdən birmənalı olaraq imtina edirlər. Amma hər şeyi də pula bağlamayaq. Bəzən maliyyə olacağı təqdirdə də ssenarist ssenarisini satmaqdan imtina edir. Sifarişçinin ssenari biliyinin olmaması və ssenarini istədiyi kimi dəyişmək istəməsi ssenaristi buna məcbur edir. Ümumiyyətlə, film istehsalı ilə məşğul olan şəxslərin puldan əlavə ssenari biliyinin də olması çox vacibdir. Yaxşı qonorar, kifayət qədər zaman və ssenari biliyi olan sifarişçi – hər bir ssenaristin arzusudur (gülür – T.X.).

- Deməli, strukturu bilən hər bir kəs ssenarist ola bilər. Bəs o zaman niyə bu gün fərqli ssenarilər görmürük?

- Struktur və ssenari qaydaları yaxşı ssenarinin yazılmasının əsasıdır. Bunlar olmadan yazılanlar sadəcə hadisə ardıcıllığından başqa bir şey olmayacaq. Nadir hallarda ssenari biliyi olmadan yaxşı ssenari yazıla bilər. Bilmirəm, kim deyib, belə bir ifadə var: “Bilik olmadan yalnız bir yaxşı iş ortaya qoya bilərsən”.

Suala gəlincə, birincisi, ssenaristlər təyin olunan şərtlər daxilində fəaliyyət göstərirlər. Onlar sifarişçinin istəyini yerinə yetirməyə məcburdurlar. İkincisi isə, siz baxdığınız filmlərin ssenarilərini oxumamısınız. Siz yalnız filmi görürsünüz. Ssenari film halına gələnə qədər bir çox mərhələlərdən keçir. Hansı mərhələdə hansı dəyişikliklərə məruz qaldığını biz bilmirik. Biz yalnız filmə baxırıq və deyirik ki, filmin ssenarisi primitiv idi, fərqli bir şey görmədim və s. Əslində, ssenaristlər son zamanlar fərqlilik yaratmağa çalışırlar. Getdikcə ssenarilər daha çox qayda və struktura uyğun işlənir. Bir sözlə, ssenaristlər ən yaxşısını etməyə çalışırlar.

- Filmlər janrlara görə bölünür. Ssenaristlər də janrlara görə bölünərək yazırlar, yoxsa istənilən janrda yazmaq mükündür?

- Bəli, ssenaristlər də janrlara görə bölünürlər. Nadir ssenaristlər var ki, bir çox janrlarda ssenarilər yazırlar. Çox zaman isə ssenaristlər ya yaxın janrlarda, yaxud da iki fərqli janrda yazırlar. Bəzi janrlardan isə imtina edirlər. Misal üçün, mən özümü komediya janrında görmürəm. Bu janr mənim üçün çətin görünür. Bir şeyi də qeyd edim ki, hər bir janrın özünəməxsus özəllikləri var. Ssenarist həmin janrın xüsusiyyətlərini, onun alt janrlarını bilməlidir. Ssenaristin janrını bilmədən yazdığı ssenari həmin janrın təəssüratını çatdıra bilməyəcək.

- Azərbaycanda xarici filmlər üçün ssenari yazan müəlliflər varmı?

- Konkret belə bir nümunə yoxdur. Lakin xarici prodüserlər tərəfindən istehsal edilən nümunələrimiz var. Xaricilərlə müştərək istehsal edilən filmlərimiz var. Amma hələlik azərbaycanlı ssenaristə xarici şirkət tərəfindən ssenari sifariş edildiyinə aid nümunə yoxdur. Ən azından mən bilmirəm. İnşAllah, ümid edirəm ki, tezliklə o da olar.

- Yazarın əsəri yazması üçün ona ilham gəlməlidir. Bu proses nədənsə qaynaqlanmalıdır. Ssenari yazanda da belədir? Yoxsa texniki iş kimi baxılır və yazılır?

- Ssenaristin ilham pərisini gözləmək kimi bir şansı yoxdur. Dedlayn buna əsla imkan verməz. Ssenaristlik daha çox texniki işdir. Ssenarist oturur və yazır.

Müəllif: Təranə Xudabaxşiyeva