Tanınmış tədqiqatçının 80 yaşı tamam olur
Sabah tanınmış publisist, nasir, tərcüməçi, tədqiqatçı, Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Jurnalistlər Birliyinin üzvü, “Qazax” Xeyriyyə İctimai Birliyinin Ağsaqqallar Şurasının üzvü Şəmistan Nəzirlinin 80 yaşı tamam olur.
Ədəbi fəaliyyətə 1958-ci ildə “Sovet Ermənistanı” qəzetində çıxan kiçik bir məqaləsi ilə başlayan Şəmistan Nəzirlinin bu günədək 42 kitabı, 800-ə yaxın elmi-publisistik məqaləsi çap olunub. Həmçinin bir neçə filmin də ssenari müəllifidir. Bir sözlə, Şəmistan Nəzirli həyatının böyük bir hissəsini, daha doğrusu, yaradıcı dövrünü Azərbaycan hərb tarixinin, xüsusilə də Azərbaycan Xalq Cümhuriyyəti dövrünün məşhur şəxslərini, tanınmış sərkərdələrini, ictimai-siyasi xadimlərini tədqiq edən, Qori Müəllimlər Seminariyasını ilk dəfə Azərbaycan oxucusuna geniş şəkildə çatdıran, Xalq şairi Səməd Vurğun haqqında silsilə əsərlər yazmış və Azərbaycan oxucusu tərəfindən böyük sevgi ilə sevilən yazıçılardandır.
Yazıçının oxucu və tədqiqatçılar tərəfindən sevgisinin bir nümunəsi olaraq qeyd edək ki, Şəmistan Nəzirlinin həyat və fəaliyyəti haqqında, yaradıcılığı ilə bağlı olan 250-ə qədər məqalə dövrü mətbuatda işıq üzü görüb. Şəmistan Nəzirlinin qələmindən çıxan əsərlərin hər birinin arxasında gərgin fəaliyyət, işgüzar əmək, dərin araşdırma dayanır. O, hər bir əsəri ilə bağlı araşdırma aparmaq üçün aylarla Bakı, Tiflis, Moskva, Leninqrad arxivlərində tədqiqatlar aparmış, dövrün şahidləri ilə görüşüb. Şəmistan Nəzirlinin müəllifi olduğu və oxucu sayına görə Azərbaycanda nadir kitablardan olan “Qoridən gələn qatar” sənədli povesti 3 dəfə – 1993-cü ildə, 2011-ci ildə, 2018-ci ildə çap olunub.
Qeyd edək ki, “Qazax müəllimlər seminariyasının 100 illik yubileyinin qeyd edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin Sərəncamı 3 noyabr 2018-ci il tarixli sərancamına uyğun olaraq Şəmistan Nəzirlinin “Qoridən gələn qatar” sənədli povestyin 3-cü dəfə təkrar, təkmilləşdirilmiş nəşri “Qazax” Xeyriyyə İctimai Birliyinin maliyyə dəstəyi ilə yüksək tirajla çap olunub.
Ömrünü hərb tariximizin araşdırılmasına, həmçinin tanınmış şəxslərin soy-kök şəcərələrinin tərtib edilməsinə həsr etmiş dəyərli yazıçı, tədqiqatçı Şəmistan Nəzirli ömrünün kamillik yaşında da daim fəaliyyətində yaxından iştirak etdiyi “Qazax” Xeyriyyə İctimai Birliyi ilə əlaqələrini sıx şəkildə qoruyub-saxlayıb. 75 illik yubileyi münasibətilə 2018-ci ildə “Qazax” Xeyriyyə İctimai Birliyi İdarə Heyətinin qərarı ilə “Fəxri diplom”la təltif olunub.
Qeyd edək ki, tanınmış publisist Şəmistan Nəzirlinin 80 illik yubileyi münasibətilə “Qazax” Xeyriyyə İctimai Birliyinin rəsmi mətbu orqanı olan “Dəli Kür” qəzetinin xüsusi buraxılışı hazırlanacaq və təntənəli yubiley mərasimi təşkil ediləcək.
“Qazax” Xeyriyyə İctimai Birliyinin bütün üzvləri, o cümlədən Qazax mahalının ziyalıları adından Şəmistan Nəzirlini doğum günü, 80 illik yubileyi münasibətilə təbrik edir, ona can sağlığı, uzun ömür və işlərində müvəffəqiyyətlər arzulayırıq.
P.S. Şəmistan Əmiraslan oğlu Nəzirli 12 avqust 1942-ci ildə Qərbi Azərbaycanın Loru nahiyyəsinin (Noemberyan rayonu) Yuxarı Körpülü kəndində anadan olub. 1950-ci ildə Yuxarı Körpülü kənd orta məktəbinin 1-ci sinfinə gedib. Oxuduğu məktəbdə yuxarı siniflər (IX-X) ermənilər tərəfindən bağlandığına görə 1958-ci ildə ailəsi ilə birlikdə Azərbaycana – Dəvəçi rayonuna köçüblər. 1960-cı ildə Dəvəçi şəhər 1 saylı orta məktəbi bitirdikdən sonra 5 saylı Bakı texniki-peşə məktəbinə daxil olub. 1962-1965-ci illərdə Sovet Ordusu sıralarında hərbi xidmətdə olub. 1967-1972-ci illərdə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) Jurnalistika fakültəsində təhsil alıb. 1972-ci ildə əmək fəaliyyətinə Azərbaycan Pedaqoji İnstitutunda (indiki ADPU) “Gənc Leninçi” qəzetinin redaksiyasında ədəbi işçi kimi başlayıb. 1973-1991-ci illərdə Azərbaycan Respublikası Televiziya və Radio Şirkətində hərbi vətənpərvərlik redaksiyasında redaktor, böyük redaktor və baş redaktor vəzifələrində çalışəb. 1991-1992-ci illərdə Azərbaycan Dövlət Ensiklopediyasının “Xatirə” redaksiyasında şöbə müdiri vəzifəsində işləyib. 1992-1996-cı illərdə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Hərbi-Elmi Tədqiqatlar İdarəsində Hərb tarixi şöbəsinin rəisi olub.
1995-ci ildə “Qacarlar” əsərinə görə İran-Azərbaycan Dostluq Cəmiyyətinin birinci dərəcəli mükafatına, hərbi vətənpərvərlik mövzusunda tarixi publisistik əsərlərinə görə “Qazax” Xeyriyyə Cəmiyyətinin təsis etdiyi “General Əliağa Şıxlinski” mükafatlarına layiq görülüb.
1996-cı ildə Xalq şairi Səməd Vurğun haqqında yazdığı silsilə əsərlərinə görə Səməd Vurğun Fondunun sədri Aybəniz Vəkilova tərəfindən “Səməd Vurğun” fəxri diplomuna layiq görülüb. 1998-ci ildə polkovnik-leytenant hərbi rütbəsi alıb. 1999-cu ildə hərbi vətənpərvərlik mövzusunda yazdığı “Qarxunlu Əşrəf bəy” əsərinə görə “Elm” Fondunun “İlin ən yaxşı kitabı” mükafatına layiq görülüb.
2002-ci ildə Azərbaycan Jurnalistlər Birliyinin Həsən bəy Zərdabi adına mükafatına layiq görülüb. 2004-cü ildə “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 10 illiyi (1991-2001)” yubiley medalı ilə təltif olunub. “Qüsursuz xidmətə görə” 3-cü dərəcəli medulla təltif olunub. 2012-ci ildə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Hərbi elmi Mərkəzinin hərb tarixi şöbəsində polkovnik-leytenant hərbi rütbəsində baş elmi işçi olub.
2012-ci il 28 noyabr tarixində Azərbaycan Jurnalistlər Birliyi tərəfindən “Həsən bəy Zərdabi isrsinin tədqiqi” sahəsindəki xidmətlərinə görə və H.Zərdabinin 170 illik yubileyi münasibətilə diplomla təltif olunub. 2018-ci ildə “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918–2018)” yubiley medalı ilə təltif olunub. Hazırda istefada olan polkovnik-leytanantdır.
2 oğul övladından 2 nəvəsi var.