İlham Əliyev: “Sonra ziyanın qiymətləndirilməsi, ondan sonra artıq bərpa işləri aparılacaq”
“Azad edilmiş torpaqlarda minatəmizləmə işləri birinci dərəcəli vəzifədir. Bu vəzifə icra olunmadan hər hansı bir inkişafdan söhbət gedə bilməz. Hətta hazırda yolların, dəmir yolunun çəkilişi ilə bağlı işləri də biz ancaq istehkamçılar o əraziləri minalardan təmizləyəndən sonra görə bilirik. Odur ki, orada istənilən fəallıq, istənilən inkişaf minalardan təmizləmə işindən asılıdır. Ona görə, biz həm sürəti artırmalıyıq, eyni zamanda, minalardan təmizləmə işi elə aparılmalıdır ki, yenə də deyirəm, o işlər başa çatandan sonra hər hansı bir təhlükə olmasın”.
AYNA-nın xəbərinə görə, bu sözləri Prezident İlham Əliyev Vüqar Süleymanovu Azərbaycan Minatəmizləmə Agentliyinin İdarə Heyətinin sədri vəzifəsinə təyin olunması ilə əlaqədar videoformatda qəbul edərkən deyib.
Ölkə başçısı bildirib ki, Agentliyin qarşısında böyük vəzifələr durur: “İlk növbədə, işin düzgün təşkil edilməsi məsələsinə diqqət yetirməlisiniz. Təşkilatlanma işi düzgün həll edilməlidir. Yaradılan yeni agentlik dövlət agentliyidir. Əlbəttə ki, ilk növbədə, peşəkar kadrlar seçilib agentliyin işinə cəlb edilməlidir. Təbii ki, keçmiş ANAMA qurumunun kadrlarından istifadə edilməlidir, eyni zamanda, agentliyin say tərkibi də müəyyən olunmalıdır. Çünki azad edilmiş torpaqlarda işləri sürətlə, keyfiyyətlə qurmaq və aparmaq üçün əlbəttə ki, agentliyin daha da böyük işçi qüvvəsi olmalıdır. Yeni texnikanın alınması, əlbəttə ki, növbədə duran əsas vəzifələrdən biridir. Son illərdə bu sahədə texnoloji inkişaf özünü qabarıq şəkildə büruzə verir. İndi elə maşınlar, mexanizmlər, texnika var ki, işi həm sürətləndirir, həm də keyfiyyətlə aparmağa imkan verir. Ona görə, baxın, dünyanın aparıcı istehsalçıları olan şirkətlərin ən müasir texnikası ölkəmizə gətirilməlidir. Çünki işin keyfiyyəti və sürəti bundan asılı olacaq. Bizim keçmiş köçkünlərimiz 30 il vətən həsrəti ilə yaşayıblar. Ona görə minatəmizləmə işləri elə aparılmalıdır ki, biz qısa müddət ərzində bərpa işlərinə start verə bilək və beləliklə, vətəndaşlar inşaat işləri başa çatandan sonra öz torpaqlarına qayıda bilsinlər. Mən ardıcıllıqla bağlı öz fikirlərimi dəfələrlə demişəm, bir daha demək istəyirəm ki, birinci dərəcəli vəzifə minalardan təmizləmə işləridir. Sonra ziyanın qiymətləndirilməsi, ondan sonra artıq bərpa işləri aparılacaqdır”.
“Azad edilmiş torpaqlarda minalardan başqa, partlamamış sursatlar da kifayət qədər çoxdur, bu da təbiidir. Çünki müharibə dövründə gedən döyüşlər təbii ki, azad edilmiş torpaqlarda partlamamış sursatların çoxluğuna səbəb olmuşdur. Odur ki, əraziləri bu sursatlardan təmizləmək də böyük zəhmət tələb edən məsələdir. Siz bu sahədə təcrübəli beynəlxalq mütəxəssisləri cəlb edərək işçilər üçün həm ölkə daxilində təlim kursları keçirməlisiniz, həm də xaricdə qısamüddətli kurslar təşkil olunmalıdır ki, bizim mütəxəssislər, istehkamçılar özləri-özlərini qoruya bilsinlər, eyni zamanda, burada ən qabaqcıl təcrübə tətbiq edilsin”, - deyə İ.Əliyev vurğulayıb.
Prezident qeyd edib ki, peyk görüntülərindən səmərəli istifadə etməliyik: “Peyk görüntüləri bizə əlavə imkanlar yaradır, həm müharibə dövründə, həm də müharibədən sonra təbii ki, bərpa işlərində. Biz ermənilər tərəfindən qırılmış meşələrin həcmini məhz peyklərdən müəyyən edə bilmişik və indi yerlərdə bunu təsdiq edirik. Meşələrimizin 54 min hektarı Ermənistan rəhbərliyi tərəfindən qırılıb, talan edilib və satılıb. Peyk görüntüləri, eyni zamanda, minalarla daha çox çirklənmiş yerləri də təsbit edir. Ona görə bu imkanlardan da səmərəli istifadə etməliyik”.