Belarus müttəfiqlərinə hərbi yardım göstərəcək

Dünya

26.04.2024 - 12:09

Ölkənin yeni təhlükəsizlik konsepsiyasında İttifaq Dövlətinə dəstək yer alıb

Belarusun yeni təhlükəsizlik konsepsiyasında müttəfiqlərə hərbi yardım məsələsi əksini tapıb. AYNA xəbər verir ki, sənəd ölkənin milli hüquqi internet portalında dərc olunub.

“Belarus Respublikası İttifaq Dövlətinin üzv ölkələrindən hər hansı birinə qarşı yönəlmiş hərbi gücdən istifadə etməklə həyata keçirilən istənilən hərəkəti bütövlükdə İttifaqa qəsd hesab edir və sərəncamında olan bütün qüvvə və vasitələrdən istifadə etməklə müvafiq cavab tədbirləri görəcək”, - deyə yeni təhlükəsizlik konsepsiyasında vurğulanıb.

Qeyd olunub ki, Belarus ordusu Rusiya və Belarus qoşunlarının regional qruplaşmasının baş komandanlığı ilə razılaşdırılaraq hərəkət edəcək.

Bundan əlavə, konsepsiya Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatındakı (KTMT) müttəfiqlərin müdafiəsi üçün, eləcə də beynəlxalq öhdəliklərin yerinə yetirilməsi çərçivəsində hərbi gücdən istifadəni nəzərdə tutur.

Müəllif: Ayna.az