“Baydenin təhdidləri Rusiya ilə Türkiyəni daha da yaxınlaşdıracaq”

Siyasət

17.12.2020 - 21:08

Mehmet Perinçek: “Ermənistan Türkiyə və Azərbaycanla münasibətlərini genişləndirəcəyi təqdirdə, daxildəki sosial-iqtsadi böhranı həll edə biləcək

 

“Türkiyə və Rusiyanın Qarabağdakı əməkdaşlığı iki ölkənin ümumi maraqlarının üst-üstə düşməsindən qaynaqlanır. Tarixə nəzər salanda da görürük ki, Türkiyə və Rusiya nə zaman rəqabət aparsalar, aralarında nə vaxt qarşıdurma yaşansa, bu qarşıdurmadan hər ikisi də məğlub olaraq ayrılıb. Yəni, bu qarşıdurmaların nəticəsində bu iki ölkə arasında qələbə qazanan olmayıb. Əksinə, bu qarşıdurmaların nəticəsində qələbə qazanan həmişə Qərbin imperialist qüvvələri olub. Bu, Çar Rusiyası dövründə də, Osmanlı zamanında da, Türkiyə Cümhuriyyəti dönəmində də, “soyuq müharibə” zamanında da belə olub və türk-rus rəqabətinin qalibi həmişə Qərb, məğlubları isə Türkiyə və Rusiya olub”.

 

Bunu AYNA-ya açıqlamasında türkiyəli tarixçi, politoloq Mehmet Perinçek deyib. Hazırda Qarabağ və Cənubi Qafqazda Türkiyə-Rusiya münasibətlərini dəyərləndirən ekspert bildirib ki, Birinci Dünya müharibəsində ən qanlı döyüşlər Qafqaz regionunda olub: “Rusiya və Türkiyə də Qafqaz uğrunda rəqabət aparıb. Nəticədə isə həm türk, həm də rus əsgərləri həlak olub. Lakin Qafqazı nəzarət altına almaq üçün aparılan bu müharibənin nəticəsində Cənubi Qafqaz nə Rusiya, nə də Türkiyənin nəzarətinə keçdi. Nəticədə Cənubi Qafqazı İngiltərə, Fransa, qismən də Amerika nəzarətinə keçirdi və ordularını bölgəyə yeritdi”.

Politoloq: “Avropa ölkələri qərarlarını yenidən gözdən keçirəcək”

“Yəni, bir bölgə uğrunda Tükiyə və Rusiya müharibə aparsa da, nəticədə həmin bölgə nə Rusiya, nə də Türkiyənin nəzarətinə keçmişdi. Bu, tarixin bizlərə verdiyi ən əhəmiyyətli nümunədir. Tarixin bu gedişatını isə Mustafa Kamal Atatürk və Vladimir Lenin dəyişdirdi və iki ölkənin əməkdaşlığı, ordularının birgə hərəkət etməsi daşnak Ermənistanının süqutuna yol açdı və Cənubi Qafqaza da sabitlik gəldi. Daşnak Ermənistanının 1920-ci ilin 29 noyabrında süqut etməsindən 100 il sonra yenə bənzər vəziyyət təkrar edildi və Türkiyə-Rusiya-Azərbaycan əməkdaşlığ nəticəsində Ermənistan növbəti dəfə məğlub edildi. Təbii ki, sadəcə Ermənistan deyil, Ermənistanın arxasındakı imperialist qüvvələr də məğlub olmuşdu”, - tarixçi vurğulayıb.

 

“Azərbaycan Prezidenti cənab Əliyevin də qətiyyətlə ifadə etdiyi kimi, Ermənistan Baş naziri Nikol Paşinyanın arxasında Soros, daha doğrusu Fransa və Amerika imperializmi dayanır. Onların planları isə Azərbaycanın qələbə qazanması ilə darmadağın oldu. Ona görə də qarşıdakı günlərdə Türkiyə ilə Rusiyanın əməkdaşlığı artacaq. Çünki Amerika Birləşmiş Ştatlarında iqtidara gələn Co Baydenin hədəfində birinci Rusiya və Türkiyədir. Bayden Amerikasının ilk olaraq Rusiya və Türkiyəni hədəf alması da təbii ki, iki ölkənin bir-birinə daha da yaxınlaşmasına yol açacaq, iki ölkəni bir-birinə daha da möhtac edəcək və əməkdaşlığın daha strateji nöqtəyə çatmasının vacibliyi özünü daha çox hiss etdirəcək”, - Perinçek əlavə edib.

 

Bu baxımdan o, hesab edir ki, Türkiyə ilə Rusiya arasında sadəcə Qarabağ və Cənubi Qafqazda deyil, Qara dənizdə, Şərqi Aralıq dənizində, Suriyada, hətta Liviyada da sıx əlaqələrin yaranacaq: “Bir sözlə, Birləşmiş Ştatların təhdidi iki ölkəni daha da yaxınlaşdıracaq. Həmçinin, bu istiqamətdə, cənab Rəcəb Tayyib Ərdoğan və İlham Əliyevin təklif etdikləri 6 ölkədən ibarət Cənubi Qafqaz platforması da böyük əhəmiyyət daşıyır. Bu platformada Azərbaycan, Türkiyə, Rusiya, Gürcüstan, İran və Ermənistanın yer alması planlaşdırılır”.

 

Türkiyəli analitikin fikrincə, Ermənistanın hazırkı ümumi maraqları, əslində Türkiyə və Azərbaycanla üst-üstə düşür: “Lakin Ermənistanın ifrat, radikal millətçiləri Ermənistanı öz real maraqlarından uzaqlaşdırıb, talelərini imperialist qüvvələrin maraqlarına təslim edib və nəticə etibarı ilə onlara xidmət etməyə başlayıblar: “Ermənistan xalqı isə bundan dərs çıxarmalı və imperialist dövlətlərin planlarında rol almayaraq öz qonşularına qarşı cinayət əməllərindən əl çəkən iqtidar hakimiyyətə gətirməlidirlər. Yəni, Türkiyə və Azərbaycanın ərazi bütövlüyü və dominantlığına hörmət edən dövlət idarəsi qurmalıdırlar. Əks təqdirdə, bundan ən çox zərər çəkən elə Ermənistanın özü olacaq. Ermənistan Türkiyə və Azərbaycanla münasibətlərini genişləndirəcəyi təqdirdə, daxildəki sosial-iqtsadi böhranı da həll edə biləcək. İki ölkə bölgədə rifah və sülh içində yaşasa, aralarında ərazi problemi də olmayacaq ki, bu da iqtisadi inkişafa səbəb olacaq. Bu baxımdan, Ermənistanın sözügedən platformaya qatılması önəmli və Ermənistanın özü üçün fürsətdir. Ermənistan Türkiyə və Azərbaycana qarşı öhdəliklərini yerinə yetirdiyi təqdirdə, Türkiyə və Azərbaycan da münasibətləri normallaşdırmağa hazırdır. Ancaq bunun üçün Ermənistan düşmənçilik siyasətindən əl çəkməli və iki ölkəyə qarşı olan öhdəliklərini yerinə yetirməlidir”.

Müəllif: Mərahim Nəsib