YAP-çı deputat: "Nazirin xalqın qarşısına çıxmağa üzü yoxdursa, getsin evində otursun"

Siyasət

01.05.2020 - 13:22

Siyavuş Novruzov: “Nazir qalıb kənarda, onun mətbuat xidməti xalqa əlləzinə oxuyur”

 

“Xalqın içinə çıxmağa üzü olmayan nazir gedib evində otursun”. AYNA-nın APA-ya istinadən məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında “Hesablama Palatasının illik hesabatı haqqında” məsələnin müzakirəsi zamanı Regional məsələlər komitəsininn sədri Siyavuş Novruzov deyib.

 

Siyavuş Novruzov bəzi nazirliklərin aparatlarında islahatların aparılmasını vacib hesab edib: “Hesablama Palatası bu məsələyə diqqət yetirməlidir. Dövlət qurumlarında aparat rəhbərlərinin təyin olunması məsələsi də əhəmiyyətlidir. Mənzil istismar sahəsindən tutmuş icra hakimiyyətinə qədər hamı aparat rəhbəri təyin edir. Bəs onda müavin funksiyası harda qalır? Bütün nazirliklərdə mətbuat xidmətləri təyin olunur. Mətbuat xidməti ancaq zəruri qurumlarda olmalıdır. Karantin dövründə də gördük ki, nazir qalıb kənarda, onun mətbuat xidməti xalqa əlləzinə oxuyur. Əgər xalqın qarşısına çıxmağa üzü yoxdursa və ya qabiliyyəti çatmırsa, getsin otursun evində. Nazirin vəzifəsi ictimaiyyət qarşısına çıxmaq və ictimaiyyəti birbaşa məlumatlandırmaqdır”.

 

S.Novruzov vurğulayıb ki, Hesablama Palatasının hesabatında çox düzgün olaraq kimisə məsuliyyətə cəlb etməkdən daha çox vəsaitlərin büdcəyə daxil olmasının təmin edilməli olduğu göstərilib.

Müəllif: Ayna.az