Sergey Lavrov: “Dağlıq Qarabağın icmaları gələcək yaşayış barədə müzakirələr aparmalıdır”

Siyasət

03.12.2019 - 15:34

Elmar Məmmədyarov: “Hamı anlayır ki, bu məsələnin həlli tapılmalıdır”

 

“GDağlıq Qarabağ münaqişəsinin həllini, bu sahədə son hadisələri ətraflı müzakirə etdik. Bu məsələ Rusiya ilə ikitərəfli və çoxtərəfli münasibətlərdə vacibdir. Bu məsələdə irəli getmək lazımdır, nə savaş, nə də barışın olmaması bir nəticə vermir. Prosesi çətinləşdirən məqamlardan azad olmağın vaxtı çatıb”.

 

AYNA APA-ya istinadən xəbər verir ki, bunu Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov Bakıda rusiyalı həmkarı Sergey Lavrovla görüşdən sonra keçirilən mətbuat konfransında deyib. Nazir qeyd edib ki, köçkünlərin qaytarılması, qarşılıqlı əlaqələrin qurulması, yolların çəkilməsi və s. məsələlər həll olunmalıdır: “Tənzimləmə belə olmalıdır ki, bu əməkdaşlıq rifaha gətirsin. Bu, həm də Rusiya ilə dialoqumuzun gündəliyindədir”.

 

Məmmədyarov bildirib ki, iki ölkə arasında uğurlu iqtisadi əlaqələr var: “Bu əlaqələr üçün hüquq çərçivə mövcuddur. İqtisadi əlaqələrdə ticarət dövriyyəsinin həcmi 2.5 milyard dolları ötüb. Bu ilin sonunadək bu rəqəmi 3 milyard dollara çatdırmağı hədəfləyirik. Azərbaycan Rusiyanın Cənubi Qafqazda əsas ticarət tərəfdaşıdır. Azərbaycanın Rusiyaya qoyduğu investisiya 1.2 milyard dolları keçib, Rusiya isə Azərbaycana 4.9 milyard dollar investisiya qoyub”.

 

Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsinə gəldikdə, nazir deyib: “Ümid edirəm ki, Bratislavada irəli addım atacağıq. Biz irəli addım atmağı dəstəkləməliyik, mövcud “status-kvo” heç kəs üçün uyğun deyil. Hamı anlayır ki, bu məsələnin həlli tapılmalıdır”.

 

(Qeyd edək ki, dekabrın 4-də Slovakiyanın paytaxtı Bratislavada Azərbaycan və Ermənistan Xarici İşlər nazirləri Elmar Məmmədyarov və Zöhrab Mnatsakanyan arasında görüş olacaq)

 

Rusiya XİN başçısı da görüşlə bağlı fikirlərini açıqlayıb: “Görüşdə Dağlıq Qarabağla bağlı fikir mübadiləsi apardıq, münaqişənin həlli istiqamətində növbəti addımları müzakirə etdik. Biz başa düşürük ki, çətin olsa da, kompromis üçün imkanlar var. Dağlıq Qarabağ münaqişəsi keçmiş Sovet respublikaları ərazisində ən uzunmüddətli münaqişələrdən biridir. Biz təşəkkür edirik ki, tərəflər Minsk qrupunun həmsədri kimi və ikitərəfli əlaqələrdə bizim verdiyimiz təklifləri nəzərə alırlar”.

 

“Rusiya ilə Azərbaycan arasında hərbi texniki əməkdaşlıq strateji tərəfdaşlığın əsas sahələrindən biridir. Biz bu əməkdaşlığı regionda balansa uyğun şəkildə, sabitliyin qorunması çərçivəsində həyata keçiririk. Hərbi texniki əməkdaşlıq sahəsində maraqlı ideyalar var. Hərbi texniki əməkdaşlıq sahəsində maraqlı ideyalarımız var və gələcəkdə bu ideyaları həyata keçirəcəyik”, - Lavrov vurğulayıb.

 

Rusiya XİN başçısı jurnalistlərin qarşılıqlı səfərlərini vacib hesab etdiklərini qeyd edib: “Bu təşəbbüsün müəlliflərindən biri də Rusiyadır. Azərbaycan və Ermənistan XİN başçılarının Moskva görüşündə qeyri-formal sənəd ətrafında müzakirələr aparılıb. Bu da humanitar əlaqələrin qurulmasını dəstəkləyirdi. Əhali və xalqlar arasında münasibətlərin qurulması vacibdir. İstənilən qərarı həm Ermənistan, həm Azərbaycan, həm də Dağlıq Qarabağın bütün əhalisi verməlidir. Jurnalistlər bu istiqaməti nə qədər çox işıqlandırsa, əldə etməyə ümid etdiyimiz hədəflər daha dayanaqlı olacaq. İcmalararası görüşlər əvvəllər də keçirilib və bərpa olunmalıdır. Bu, perspektivli mövzudur. Dağlıq Qarabağın icmaları gələcək yaşayış barədə müzakirələr aparmalıdır. Ermənistan və Azərbaycan XİN başçılarının Bratislavada görüşündən sonra iki nazir və Minsk qrupunun həmsədr ölkələrinin XİN başçılarının birgə bəyanatının qəbul olmasına çalışacağıq.  Bu alınmasa, hər bir halda həmsədrlərin bəyanatı olacaq”.

 

“İki ölkə arasında münasibətlər strateji olmaqla yanaşı, qarşılıqlı inam və etibara əsaslanır. Prezidentlər tərəfindən parlamentlər və nazirliklərə əlaqələrin dərinləşməsi istiqamətində tapşırıqların verilməsini görürük. İki ölkə arasında mədəniyyət sahəsində yaxın əməkdaşlıq var”, - Lavrov diqqətə çatdırıb.

 

Nazir Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın Rusiyaya səfərini xatırladaraq bildirib ki, bu səfər çox səmərəli olub: “Xanım Mehriban Əliyevanın səfəri çərçivəsində regionlararası və Gənclər forumu keçirilib. Regionlararası forumda 70-ə yaxın region iştirak edib”.

Müəllif: Ayna.az