Monitorinqlərlə restoranların havanı çirkləndirdiyi aşkarlanıb
Bakı şəhərində fəaliyyət göstərən ictimai-iaşə obyektləri və restoranlarda 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin və Ətraf Mühitin Çirklənməsinin Monitorinq Qrupunun əməkdaşları tərəfindən növbəti monitorinqlər keçirilib.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat katibi İradə İbrahimova AYNA.AZ-a deyib ki, aparılan monitorinqlər və ölçmə işləri zamanı paytaxtda fəaliyyət göstərən “Neolit City”, “Sapfir”, “Great Events Hall”, “Orion”, “Movida Plaza”, “Afrodita”, “Bibi”, “Venesiya”, “Qəbələ”, “Ada təpə”, “Maxara”, “Quzu qabırğası”, “Xan qızı”, “Səhər mehi” və “Manqalüstü” şadlıq sarayları və restoranlarından havaya atılan tullantıların miqdarının normadan artıq olduğu müəyyən edilib: “Faktlarla bağlı obyektlərin səlahiyyətli nümayəndələri barəsində protokol tərtib olunub və hər birinin 2500 manat məbləğində cərimə olunması ilə bağlı qanunamüvafiq tədbirlər görülür”.
“İctimai-iaşə obyektləri və restoran sahibləri obyektlərindəki təmizləyici qurğuların texniki göstəricilərinin normalara uyğunluğunu təmin etməyə, havanın çirkləndirilməsinə yol verməməyə çağırılıb”, - deyə qeyd edib.