Bakıda qatil “zebra”lar qaranlıqda ova çıxır – DİN isə deyir ki...

Cəmiyyət

26.11.2021 - 22:55

İnsanlar hər gün o ərazilərdən ölüm təhlükəsi altında keçməli olurlar

Azərbaycan Daxili İşlər Nazirliyi (DİN) piyadalarla bağlı statistika açıqlayıb. Belə ki, bu ilin yanvar-oktyabr aylarında ölkə ərazisində baş vermiş yol-nəqliyyat hadisələrinin (YNH) 42 faizini piyadaların vurulması təşkil edib. Eyni zamanda, Bakı şəhərində bu göstərici 57% təşkil edib.

DİN bu acınacaqlı statistikanı nəzərə alaraq, piyadaları küçələri yalnız lazımi yerdən keçməyə, yeraltı və yerüstü keçidlərdən istifadə etməyə çağırıb. Öz növbəsində sürücülərə diqqətli olmaları tövsiyə olunur, çünki səhlənkar sürücülərlə yanaşı, keçidlərdən istifadə etməyən piyadalar da var.

“Piyadaların vurulması hallarının əksəriyyəti yoldan keçilməsi üçün nəzərdə tutulmuş yerlərdən kənarda baş verir”, - deyə DİN bildirir.

Yuxarıdakı mətndən belə məlum olur ki, Nazirlik piyadaları bunun üçün nəzərdə tutulmayan yerlərdə yolu keçməkdə günahlandırır. Biz DİN ilə mübahisə etməyəcəyik - onlar daha yaxşı bilirlər, xüsusən də küçə müşahidə kameralarından. Amma Bakı küçələrində piyadaların təhlükəsizliyinin təmin edilməsi ilə bağlı vacib bir məqama toxunmaq istərdik.

Bir neçə il əvvəl Bakıda Babək prospekti əsaslı təmir olunub. Təmirdən sonra prospektin bəzi yerlərində piyada “zebra”sı vurulmayıb. Bildiyiniz kimi, bu funksiya Bakı Nəqliyyat Agentliyinə (BNA) həvalə olunub və bu struktur bu işi görmək üçün özünə əziyyət verməyib. Bununla əlaqədar olaraq Babək prospektinin bəzi hissələrində piyadalar sağlamlıq və həyatları üçün təhlükə yaradaraq yolu keçmək məcburiyyətində qalırlar.

BNA da yüksək sürətlə şütüyən sərnişin avtobuslarının sürücülərinin intizamı ilə də məşğul olmalıdır. Onlar piyadaların yolu keçməsinə imkan vermirlər, halbuki qaydalara görə, hətta sərnişin avtobusları belə, bu qaydaya əməl etməlidir.

Küçənin işıqlandırılması yol təhlükəsizliyinin digər eyni dərəcədə vacib aspektidir. Qaranlığın düşməsi ilə Bakının bir çox küçələrində piyadalar üçün “zebra” keçidi olsa da, yolu təhlükəsiz keçə bilmirlər.

Məsələn, Nəcəfqulu Rəfiyev küçəsinin Fövqəladə Hallar Nazirliyinin binasına və “Bravo” hipermarketinə bitişik hissəsinə yaxın yol ərazisi kifayət qədər işıqlandırılmayıb ki, piyadalar “zebra” keçidi ilə yolu təhlükəsiz keçə bilsinlər.

Bu ərazilərdə “Yerüstü piyada keçidi” nişanının olmasına baxmayaraq, işıqlandırma olmadığından bir çox sürücülər bunu görmürlər. Nəticədə piyadalar hər gün təhlükə altında yolu keçməli olurlar.

Yaxşı olardı ki, DİN piyadaların iştirakı ilə baş verən yol qəzalarının statistikasından danışanda, məsul dövlət strukturlarının, o cümlədən özünün də bu cür nöqsanlarını qeyd etsin. Axı piyadaları yol hərəkəti qaydalarını pozmaqda ittiham etməzdən əvvəl şərait yaratmaq lazımdır ki, onlar yolu təhlükəsiz keçə bilsinlər. Onda qəza statistikası o qədər də fəlakətli olmayacaq.

Müəllif: Asif Aydınlı