Yaxalananlar paytaxt ərazisində narkotiklərin qanunsuz dövriyyəsini təşkil ediblər
Sabunçu Rayon Polis İdarəsinin (RPİ) Narkotiklərlə Mübarizə Bölməsinin (NMB) əməkdaşlarının narkotiklərin qanunsuz dövriyyəsinə qarşı həyata keçirdikləri tədbirlərlə paytaxt sakinləri əvvəllər narkotiklərlə əlaqəli cinayətlərə görə məhkum olunmuş Akşin Rüstəmov, Vüqar Mehtiyev, Böyükağa Məmmədov və Nail Şükürov saxlanılıblar. Onlardan 7 kiloqram heroin, marixuana və metamfetamin aşkarlanıb. AYNA xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən bildirilib.
Qeyd olunub ki, saxlanılanlar narkotikləri maddi qazanc əldə etmək məqsədilə təyin olunan ünvanlara yerləşdirərək paytaxt ərazisində qanunsuz dövriyyəsini təşkil ediblər.
Həmçinin Sabunçu RPİ NMB-nin əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə üç "Makarov" tapançası, bir "Kalaşnikov" avtomatı, dörd daraq və 27 patron əməliyyat yolu ilə aşkarlanıb.
Sabunçu rayonunda narkotiklərin qanunsuz dövriyyəsinə qarşı may ayında keçirilən tədbirlərlə 22 kiloqram narkotik vasitə və psixotrop maddə qanunsuz dövriyyədən çıxarılıb.
Faktlarla bağlı araşdırmalar davam etdirilir.