Külək paytaxtın Yasamal, Sabunçu, Suraxanı rayonları ərazilərində fəsadlar törədib
Güclü külək Bakıda altı ağacı aşırıb. Bakı Şəhər İcra Hakimiyyətinin Yaşıllaşdırma Təsərrüfatı Birliyindən AYNA-ya verilən xəbərə görə, axşam saatlarından etibarən davam edən güclü külək paytaxtın Yasamal, Sabunçu, Suraxanı rayonları ərazilərində fəsadlar törədib.
“Qaynar xətt”ə daxil olan müraciət əsasında, Yaşıllaşdırma Təsərrüfatı Birliyinin əməkdaşları paytaxtın müvafiq ərazilərinə göndərilib. Ümumilikdə külək Bakıda altı ağacı aşırıb. Bir neçə ağacın isə budaqlarının sınmasına səbəb olub.
Məlumatda qeyd olunub ki, həftəsonu olmasına baxmayaraq, hazırda Birliyin əməkdaşları gücləndirilmiş iş rejimində çalışır. Paytaxt ərazisində külək nəticəsində aşmış və aşma ehtimalı olan ağaclarla bağlı müvafiq tədbirlər görülür.