İşıqfor dirəklərinə görmə məhdudiyyətli şəxslər üçün xüsusi səs qurğuları da qoyulub
Nəqliyyat şəraitinin yaxşılaşdırılması və piyada təhlükəsizliyinin təmin edilməsi məqsədilə, Bakıda daha bir yol kəsişməsində işıqfor quraşdırılıb. Bakı Nəqliyyat Agentliyi Mətbuat katibi Mais Ağayev AYNA-ya bildirib ki, vətəndaşların çoxsaylı müraciətləri nəzərə alınaraq, Xəzər rayonu Binə qəsəbəsinin mərkəzi hissəsi hesab olunan Əli İsazadə və Fuad Aynulov küçələrinin kəsişməsində monitorinqlər aparılıb.
“Kəsişmədəki eyni səviyyəli piyada keçidinin tənzimlənməməsinin nəqliyyat vasitələrinin hərəkətində gecikmələr yaratdığı və piyadaların həyatları üçün də böyük risk olduğu müəyyən edilib. Problemləri aradan qaldırmaq məqsədilə, sözügedən yol kəsişməsində işıqfor obyektləri quraşdırılıb. İşıqfor dirəklərinə görmə məhdudiyyətli şəxslər üçün xüsusi səs qurğuları da qoyulub. Bununla da qeyd edilən ünvanda piyadaların təhlükəsizliyi və rahatlığı təmin edilib, nəqliyyat ləngimələri aradan qaldırılıb”, - deyə Ağayev saytımıza bildirib.