Toplanan materiallar araşdırmaların davam etdirilməsi üçün istintaqa göndərilib
Nərimanov Rayon Polis İdarəsinin 16-cı polis bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat nəticəsində dələduzluq edən şəxs - əvvəllər məhkum olunmuş Samir Əliyev saxlanılıb.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən AYNA-ya verilən məlumata görə, onun müxtəlif vaxtlarda paytaxtın bir neçə rayonunda vətəndaşlara yaxınlaşaraq danışmaq adı ilə onların mobil telefonunu alıb daha sonra qaytarmayaraq ələ keçirdiyi müəyyən edilib.
S.Əliyevin aldatdığı şəxslər arasında məktəblilər də olub. Onun zərərçəkənlərə 5 min manatdan artıq maddi ziyan vurduğu müəyyənləşdirilib. Araşdırma zamanı saxlanılan şəxsin paytaxtın Nizami rayonunda quldurluq, Nərimanov rayonunda isə soyğunçuluq etdiyi üçün axtarışda olduğu aşkarlanıb.
Faktlarla bağlı S.Əliyev barəsində 16-cı polis bölməsində toplanan materiallar araşdırmaların davam etdirilməsi üçün istintaqa göndərilib.
Onun paytaxt ərazisində başqa şəxslərə qarşı analoji cinayətlər etdiyi istisna olunmur. S.Əliyevin qanunsuz əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa bu barədə Nərimanov Rayon Polis İdarəsinə, 16-cı polis bölməsinə və ya ərazi üzrə polis orqanlarına məlumat verə bilərlər.