Bakı təzyiqi artırır: "Azərbaycan 5 illik müddəti gözləmədən hansısa dəyişiklik edə bilər"

Siyasət

17.12.2021 - 15:10

Tofiq Zülfüqarov: “Gömrük postu ilə bağlı Prezidentin dedikləri təzyiq xarakterli siyasi yanaşmadır”

"Zəngəzur dəhlizinin hüquqi rejimi Laçın dəhlizinin eynisi olmalıdır. Çünki üçtərəfli Bəyanatda açıq-aydın deyilir ki, Azərbaycan Qarabağla Ermənistan arasında əlaqə üçün təhlükəsizliyi və maneəsiz çıxışı təmin edir və Ermənistan Azərbaycanla Naxçıvan Muxtar Respublikası arasında əlaqələr üçün eyni maneəsiz çıxış və təhlükəsizliyi təmin etməlidir".

Bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev ilə NATO-nun Baş katibi Yens Stoltenberqlə Brüsseldə Alyansın mənzil-qərargahında birgə mətbuat konfransı zamanı "Azad Avropa" radiosunun müxbiri Rikard Jozviakın sualını cavablandırarkən deyib. İ.Əliyev xatırladıb ki, bu gün Laçın dəhlizində gömrük yoxdur: "Ona görə də, Zəngəzur dəhlizində də gömrük olmamalıdır. Əgər Ermənistan yük və insanlara nəzarət etmək üçün öz gömrük qurumlarından istifadədə israr etsə, onda biz Laçın dəhlizində eynisində israr edəcəyik. Bu, məntiqidir və qərar Ermənistan tərəfindən qəbul edilməlidir. Biz hər iki varianta hazırıq, ya hər ikisində heç bir gömrüyün olmaması, ya da hər ikisində hər iki gömrüyün olması".

Prezidentin dəhlizlə bağlı rəsmi İrəvana konkret mesajı gündəmin əsas müzakirə mövzusuna çevrilib. Bu bəyanatdan sonra Ermənistanın Baş naziri Nikol Paşinyan "Twitter" hesabında Zəngəzur dəhlizinin Laçın dəhlizi ilə müqayisəsinin Ermənistan üçün qəbuledilməz olduğunu söyləyib.

Sabiq xarici işlər naziri Tofiq Zülfüqarov AYNA-ya bildirib ki, 10 noyabr 2020-ci ildə Azərbaycan, Rusiya və Ermənistan liderlərinin imzaladığı üçtərəfli Birgə Bəyanatda dəhliz məsələsi iki yerdə qeyd edilib: "Bəyanatda göstərilir ki, Zəngəzur dəhlizi yaranmalıdır. Ermənistan Zəngəzur dəhlizinin icrasından bir ildən çoxdur ki, boyun qaçırır. İrəvan ya bunu istəmir, ya da yenidən müzakirəni istəyir. Deməli, Azərbaycan öz imkanlarından istifadə edərək Ermənistanın öhdəliklərini yerinə yetirməsi üçün siyasi təzyiqi artırır. Hesab edirəm ki, bu təzyiqlərin nəticəsi olacaq".

"Bu iki dəhlizi müqayisə etdikdə anlamalıyıq ki, burada fərq var. Laçın dəhlizinin işləməsi müddəti beş il üçün nəzərdə tutulub. Hansı ki, Rusiya sülhməramlılarının fəaliyyəti müddətinə uyğundur. Zəngəzur dəhlizinə aid isə müddət yoxdur. Ermənistanı məhz bu məsələ narahat edir, Zəngəzur dəhlizinin icrasından buna görə yayınır. Azərbaycanın siyasi təzyiqi normaldır. İrəvan razılaşmadığı müddətdə Azərbaycan məcbur qalıb Laçın dəhlizi ilə bağlı nəzərdə tutulan 5 illik müddəti gözləmədən hansısa dəyişiklikləri edə bilər", - deyə Zülfüqarov əlavə edib.

Diplomatın sözlərinə görə, gömrük postu ilə bağlı Prezidentin dedikləri təzyiq xarakterli siyasi yanaşmadır: "Ermənistan Zəngəzur dəhlizindən boyun qaçırdığı müddətdə güman ki, təzyiq artacaq. Dediyim kimi, praktik addımların atılacağı da istisna deyil".

 

Müəllif: Anar Bayramoğlu