Nizami rayonunda 380 ədəd konteyner meydançası yaradılıb, yeni və müasir konteynerlər quraşdırılıb
Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) və Böyük Britaniyanın “Mott MacDonald” şirkətinin birgə həyata keçirdiyi bərk məişət tullantılarının yığılması, daşınması və çeşidlənməsi layihəsinin icrasına paytaxtın Nərimanov rayonundan sonra Nizami rayonunda start verilib. Bu barədə AYNA-ya BŞİH-dən məlumat verilib.
Bildirilib ki, ilk növbədə, Nizami rayonunda 380 ədəd konteyner meydançası yaradılıb, yaşıl və narıncı rənglərdə yeni və müasir konteynerlər quraşdırılıb. Əraziyə cavabdehlər təyin olunub. Layihənin vacib istiqamətlərindən olan vətəndaşların maarifləndirilməsi işlərinə Bakı şəhər və Nizami rayon icra hakimiyyətlərinin rəhbər işçiləri, bələdiyyə və təsərrüfat xidmətlərinin işçiləri, gənclər və könüllülər cəlb edilib.
Bakı Şəhər İcra Hakimiyyəti və “Regional İnkişaf” İctimai Birliyi (RİİB) arasında imzalanmış Əməkdaşlıq Memorandumuna əsasən İctimai Birliyin könüllüləri maarifləndirmə işlərinə yaxından dəstək verirlər.
Layihənin vətəndaşlara izahı məqsədilə müvafiq qurumların əməkdaşları və könüllülər sakinlərlə görüşlər keçirir, mənzillərə yaşıl və narıncı rəngli paketlər, izahedici bukletlər paylayır, məhəllə və binaların bloklarına maarifləndirici posterlər yapışdırırlar. Təbliğat və maarifləndirmə işlərinin KİV-lərdə də geniş aparılmasına başlanılıb.
Məlumat üçün bildiririk ki, ətraf mühitin qorunmasında vacib olan bu layihənin uğurla həyata keçirilməsi və paytaxt sakinlərinə göstərilən kommunal xidmətlərin keyfiyyətinin daha da artırılması məqsədilə dövlət büdcəsindən ayrılmış vəsait hesabına Bakı şəhər kommunat təsərrüfatı xidmətləri üçün müasir tələblərə tam cavab verən kommunal təyinatlı yeni avtonəqliyyat vasitələrinin və mexanizmlərin alınmasına başlanılıb. Artıq 57 ədəd belə texnika alınaraq kommunal xidmətlərin istifadəsinə verilib.
Layihənin uğurla həyata keçirilməsi Bakı şəhərinin təmiz saxlanılmasına, ətraf mühitin və əhalinin sağlamlığının qorunmasına, ekoloji mədəniyyətin formalaşmasına və iqtisadi səmərənin əldə olunmasına xidmət edəcək.