"Hər hansı bir yenilik olarsa, bu barədə Dövlət İmtahan Mərkəzi ictimaiyyətə məlumat verəcək"
Növbəti, yəni 2020/2021-ci tədris ili üçün qəbul imtahanlarının hansı formada olacağı, imtahanların hansı tarixlərdə keçiriləcəyi və eləcə də buraxılış, blok imtahanlarında hansı növ sualların olacağı barədə informasiyaları yalnız 2020-ci ilin ilk rübündə əldə etmək mümkün olacaq.
Bunu AYNA-ya açıqlamasında təhsil eksperti Elçin Əfəndi deyib.
O bildirib ki, indiki halda bu il baş tutan tədbirlərdə (imtahanlar, seçimlər və s.) hansı qaydalardan istifadə olunubsa, onlar qüvvədədir: "Hal-hazırda hər hansı bir dəyişiklik və ya buraxılış imtahanlarının dekabr, fevral aylarında keçirilməsi, buraxılış imtahanlarına başqa fənn əlavə edilməsi, sual formalarının dəyişilməsi və s. tipli fikirlərin ortalıqda dolaşması həqiqəti əks etdirmir və bu kimi fikirlərə inanaraq təsir altına düşməyin. Çünki qeyd etdiyim fikiləri yayanlar cəfəngiyyatla məşğul olanlardır".
"Hər hansı bir yenilik olarsa, bu barədə Dövlət İmtahan Mərkəzi ictimaiyyətə məlumat verəcək", - deyə ekspert vurğulayıb.