Bakı sakinləri ev heyvanlarını koronavirusa "qurban" edirlər

Cəmiyyət

02.05.2020 - 21:00

Get-gedə küçələrdə tərk edilmiş it-pişiklərin sayı daha da artacaq

 

COVID-19 pandemiyası və karantin rejimi yalnız insanlara deyil, həm də ev heyvanlarına bir çox çətinliklər yaratdı. Paytaxtın və digər şəhərlərin boş qalan küçələrində, fərdi evlərdə və ya mənzillərdə yaşayan, ancaq indi sahibləri tərəfindən küçəyə atılan itlərə, pişiklərə getdikcə daha çox rast gəlinir.

 

Heyvanların Mühafizəsi Cəmiyyətinin rəhbəri Azər Qarayev AYNA-ya deyib ki, xüsusi karantin rejimi cəmiyyətdə bir sıra mənfi və müsbət cəhətləri ortaya çıxardı: “Burada ilk məqam mənəvi məsələdir - imtahan, sınaq. Bəzi insanlar karantində təkcə özlərini düşünmürlər, həm də kafe-restoranların bağlanmasına görə ac qalan küçə heyvanlarını yemləməyi də unutmurlar. Hətta, bəziləri sahibsiz heyvanları küçələrdən götürür, müalicə edir və onlar üçün sığınacaq yaratmağa çalışırlar. Lakin bəzi vətəndaşlar, guya koronavirusun yayılma mənbəyi ola biləcəyini düşünərək, ev heyvanlarını küçələrə atırlar. Nəticədə küçələrdə bəzən boynu xaltalı, baxımlı it-pişiklərə rast gəlirik”.

"Məsələn, Nyu-Yorkda bunun tam əksi cərəyan edir. Orada nəinki ev heyvanlarından xilas olmağa çalışmırlar, hətta heyvanları sığınacaqlardan götürüb, özləri qulluq edirlər, buna görə həmin sığınacaqlarda pişik və itləri tapmaq mümkün deyil. Əlbəttə, burada başqa məqamlar da var. Tutalım, kimsə karantində darıxmamaq üçün bir heyvanı götürüb saxlayır, amma normal həyata qayıdan zaman artıq ona ehtiyac duymur. Düşünürəm ki, belə məsuliyyətsiz vətəndaşlarımız az olmayacaq”, - həmsöhbətimiz bildirib.

 

Onun sözlərinə görə, amerikalılar uşaqlıqdan heyvanlara qarşı sevgi hissi ilə böyüyürlər: “Dünyagörüşü yaşadığımız mühitlə formalaşır. Heyvanlar cahillikdən küçəyə atılır və belə halların baş verməməsi üçün əhalini media vasitəsilə maarifləndirmək lazımdır ki, bu da tibb işçiləri tərəfindən edilməlidir. Pişiklər koronavirusdan əziyyət çəkir, lakin insanları yoluxdurmur. Epidemiyanın yüksək olduğu Nyu-Yorkda, zooparkda pələng koronavirusa yoluxdu və bu xəbər sensasiya kimi təqdim edildi. Lakin pişiklərin də yoluxduğu kimi pələnglər də koronavirusa yoluxur. Sadəcə olaraq onun xəstəliyi pandemiya dövrü ilə üst-üstə düşdü”.

 

A.Qarayev onu da qeyd edib ki, ev heyvanı saxlayanlarda bir çox viruslara və bakteriyalara qarşı immunitet olur: “Bunu bir çox elm adamları sübut edirlər. Təsdiq olunub ki, heyvanlardan formalaşan həmin immunitet, xüsusilə uşaqlarda güclü toxunulmazlıq yaradır”.

 

Ekspertin fikrincə, son vaxtlar küçələrdə daha çox rastlaşılan ev heyvanları təkcə sahiblərinin infeksiya qorxularının qurbanı ola bilməz: “Karantinə görə özləri evdən çıxa bilməyən bəzi adamlar, küçələrin boş olduğunu düşünüb heyvanlarını buraxırlar ki, gəzsinlər. Lakin onlar it-pişiklərinin geri dönə bilməyəcəyini, itəcəyini, oğurlanacağını nəzərə almırlar. Halbuki, əlsər hallarda belə olur”.

 

Yeri gəlmişkən, 65 yaşdan yuxarı tənha insanların bir qismi evində it saxlayır, mehrini onlara salır. Deməli, insanın gəzintiyə ehtiyacı olduğu kimi, heyvanların da var. Lakin it balkonda gəzə bilməz, onun üçün daha geniş ərazi lazımdır. Amma bu amil xüsusi karantin qaydalarında nəzərə alınmayıb.

 

Qarayev hesab edir ki, karantin tədbirləri çərçivəsində bu faktor düşünülməyib: “O cür itləri olan yaşlı insanlar qeydiyyata alınmalı və heyvanların gəzməsinə icazə verilməli idi. Pandemiyanın başqa bir dalğası olarsa və vəziyyət təkrarlanırsa, ümid edirəm ki, bu da nəzərə alınacaq. Yeri gəlmişkən, mən karantinin son müddətinə şübhə ilə yanaşıram, çünki koronavirus yoxa çıxmayıb və peyvənd hələ icad olunmayıb. Hər kəs küçələrə çıxanda və əvvəlki rejimdə yaşamağa başlayanda virusun necə davranacağı məlum deyil”.

 

Heyvan hüquqları müdafiəçisinin sözlərinə görə, yaxın gələcəkdə iqtisadi problemlər səbəbindən küçələrə atılmış heyvanların sayının daha da artacağı istisna deyil: “Bir çoxları iş yerlərini itirdilər, bəziləri çətin iqtisadi vəziyyəti nəzərə alaraq yaxın gələcəkdə də işlərini itirə bilərlər. Sahiblərinin heyvanları bəsləmək üçün imkanları yoxdur. Qanunvericiliyi dəyişdirmək lazımdır, atılan heyvanlara görə ciddi cərimə tətbiq edilməlidir, hətta cinayət məsuliyyətinə də cəlb etmək olar belə hərəkət edənləri. Çünki atılmış ev heyvanları səbəbindən küçə heyvanlarının “ordusu” böyüyür. Təbii ki, insan maddi imkansızlıqdan evindəki heyvanı bəsləmək iqtidarında olmaz. Bu zaman heyvanı küçəyə atmaq yox, xüsusi sığınacaqlar təhvil vermək lazımdır”.

Müəllif: Elya Belskaya