Hərəkət edən qatarların 50 faizi yeni qatarlar olacaq
Bakı metropoliteni daha 4 qatar tərkibi alıb. AYNA xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib.
O bildirib ki, artıq yeni qatarlar Rusiyanın “Metrovaqonmaş” şirkətinə sifariş verilib: “Artıq qatarların istehsalına başlanılıb. Yay aylarında 4 qatar tərkibi olan 20 yeni vaqon Bakıya gətirilərək xəttə buraxılacaq. Bununla da metropoliten xəttində yeni qatarların sayı 23-ə çatdırılacaq. Hazırda Bakı metropoliteninin stansiyalarında gün ərzində 40-46 qatar hərəkət edir. Bu da o deməkdir ki, yay aylarından etibarən artıq Bakı metrosunun stansiyalarında hərəkət edən qatarların 50 faizi yeni qatarlar olacaq”.