“AzTV irəliləyişləri göstərir, mən “irəliləyişləri” və fərq odur ki...”

Cəmiyyət

30.08.2023 - 10:25

Həkimlər Klinikalar SEO Xidməti

Vüqar Abbasov: “Çox adam məndən ölkədən çıxmağın yollarını soruşdu, bunların arasında hər təbəqədən olan insanlar var idi - imkanlısı da, imkansızı da”

Niderlanda yaşayan azərbaycanlı jurnalist, publisist, Niderlan Jurnalistlər Birliyinin üzvü Vüqar Abbasov yay tətilini Azərbaycanda keçirdikdən sonra yaşadığı ölkəyə geri dönüb. Həmkarımız Azərbaycanda apardığı müşahidələr, Avropa ilə ölkəmiz arasında yaşam fərqləri və digər təəssüratlarını AYNA ilə bölüşüb. Beləliklə:

- Artıq Niderlanda qayıtmısınız. Yolçuluğunuz necə keçdi, rahat çata bildinizmi?

- Rahat çatdıq. Bəzən Bakının bir tərəfindən digər tərəfinə maşınla getmək daha çox vaxt və enerji aparır, nəinki təyyarə ilə Bakıdan Niderlanda gəlmək (gülümsəyir – İ.M.). Yollarda sürücülərin çoxunun qaydalara əməl etməməsi, siqnal səsləri və s. adamı bu uzun yolu gəlməkdən daha çox yorur. Əlbəttə ki, burada bir zarafat da var. Yaxşı çatdıq. Diqqətiniz üçün təşəkkür edirəm.

- Artıq neçə vaxtdır ki, Niderlandda yaşayırsınız. Müşahidələrimə görə, hər yay tətilinizi Azərbaycanda keçirirsiniz. Hər dəfəsində də ölkəmizdə baş verənlərə özünüzə məxsus yumorla münasibət bildirirsiniz. Sualım isə belədir: son illərdə Azərbaycanda ən çox nələrin dəyişdiyini hiss edirsiniz və bu dəyişiklik hansı istiqamətdədir?

- Bəli, hər yay tətilimizi Azərbaycanda keçirməyə çalışırıq. Doğmaları, qohumları, dostları görür, ölkəmizi gəzir və müşahidələr aparıram. Bu müşahidələrimi də hər dəfə bir formada sosial şəbəkələrdə bölüşürəm. Son iki ildə “İrəliləyiş var” deyə yazıram (gülümsəyir – İ.M.). Təbii ki, orada məni qane etməyən məqamları göstərməyə çalışıram. Bəzən mənə deyirlər ki, niyə ancaq tənqid edirsən, yaxşı heç nə yoxdur? Mən də deyirəm ki, təbii ki, var. AZTV və digər TV-lər bütün günü irəliləyişləri göstərir, hakimiyyətə yaxın qəzetlər bu barədə yazır, hətta olanından da artıq (gülümsəyir). Mən də “irəliləyişlər”dən yazıram. Amma fərq və fakt odur ki, qərəzli, çatışmazlıqlara sevinərək deyil, düzəldilməsi arzusu ilə yazıram.  Məqsədim Azərbaycanı daha yaxşı görməkdir.

Sualınıza gəlincə, əlbəttə ki, ötən illərdə çox şey dəyişib. Əhaliyə xidmət sahəsini örnək olaraq göstərsək, “ASAN Xidmət”i müsbət addım kimi göstərmək mümkündür. İndi bir çox sənədləri orada, əvvəllərlə müqayisədə, daha rahat almaq, dəyişmək və s. mümkündür. Şəhərin mərkəzi çox dəyişib, yeni binalar tikilib. Avtomobil yolları əvvəlki illərlə müqayisədə olduqca yaxşı vəziyyətdədir və s. Belə misalları çox gətirmək olar.

Amma bunları yaradıb durmaq olmaz, inkişaf etdirmək, ən azı səviyyəsini saxlamaq lazımdır. Məsələn, “ASAN Xidmət” mənim müşahidəmə görə, bir neçə il öncə, yeni yaradılanda daha asan idi. İndi sanki bu xidməti daha çox yükləyiblər. Bu, bir örnək olmalı, digər sahələrdə də xidmətlər asanlaşmalı idi ki, əsl irəliləyiş hiss olunsun. Yoxsa, necə deyərlər, iki addım irəli, bir addım geri olmasın. Binalara, tikililərə gəlincə, şəhərin mərkəzindən kənara da çıxmaq lazımdır. Hasarların arxasında nəyisə gizlətməklə deyil. Yollara gəlincə, yol çəkilir, amma mərkəzdən kənardakı yollarda xətlər, həmçinin piyada keçidini bildirən xətlər demək olar ki, görsənmir, pozulub. İndi hansı dövrdür ki, belə keyfiyyətsiz materiallardan istifadə olunur? Dünyanın bir çox ölkəsində piyada ayağını “zebra”ya qoyanda “zebra”nın kənarında işıq yanır ki, sürücülər diqqətli olsunlar. Bizdə isə piyadalar üçün nəzərdə tutulan keçidlərin rəngi qalmayıb. Bura ayrılan pullara da tamah salmaq olar? Axı özləri də bu yollarla gedib-gəlirlər.

Başqa bir misal: bir jurnalist gedib araşdırsın görək, məsələn, filan yolda qaydalara görə nə qədər yol nişanı olmalıdır və neçəsi var. Məsələn, mən də bunları görərək yazıram ki, əvvllər piyada keçidində olan 10 xəttin 4-ü az-çox görünərdi, indi 6-sı görsənir.

İrəliləyiş var. Təbii ki, buna irəliləyiş demək mümkündürsə. Bir sözlə, çox şeylər edilib, amma sanki nəsə çatmır. Sanki edilənləri sadəcə yuxarılara göstərmək üçün edir, üstünü bəzəyirlər, bir müddət sonra isə, necə deyərlər, “küpün üstünə qoyulmuş bal” bitir. Güman edirəm ki, nə demək istədiyim diqqətli oxucular üçün aydın olacaq.

- Siz həm mətbuatda, həm də ictimai sferada təmsil olunan və müşahidə qabiliyyəti olan birisiniz. Azərbaycanın ictimai-siyasi, sosisal-iqtisadi durumu ilə bağlı bu illər ərzində nə sizi qane edir, nə qane etmir?

- Ötən il insanlarda daha çox ruh yüksəkliyi müşahidə etmişdim - qələbənin gətirdiyi ruh yüksəkliyi idi. Bu, çox sevindirici idi. Bu il insanlarda daha çox gərginlik hiss etdim. Sanki bir ətalət var. Çox adam məndən ölkədən çıxmağın yollarını soruşdu, bunların arasında hər təbəqədən olan insanlar var idi - imkanlısı da, imkansızı da. İnsanlar əsasən balaca məmurların özbaşınalığından beziblər - mənə belə təsir bağışladı. Üzlərdə təbəssüm azdır. Mənə elə gəldi ki, insaf hissimiz də azalıb, bir-birimizə rəhmimiz də gəlmir. Birinin sözü digərinin boğazından keçmir. İnsanların əksəriyyəti hər şeyin onun istədiyi kimi olmasını istəyir, əks fikir qəbul olunmur, sanki. Qarşılıqlı güzəşt olduqca azdır. Bir sözlə, cəmiyyəti çox gərgin gördüm.

Məsələ burasındadır ki, cəmiyyəti araşdırmalı olan institutlar da yox dərəcəsindədir. Maarifləndirmədən danışmağa dəyməz, bu isə çox önəmli məsələdir. Sizə bir söz deyim, amma müqayisə kimi qəbul etməməyinizi xahiş edirəm. Niderlandda bağça yaşında uşaqlara ayaqyolundan necə istifadə etmək də öyrədilir. Bizdə isə “başlı başını saxlasın” prinsipidir, sanki, kimsəyə nəsə öyrətmək yoxdur. Ona görə də sadaladığım məsələlərdə milləti qınamaq fikrindən çox uzağam. Məmməd Araz demişkən: bu millətə nə verdik ki?! Məsələ burasındadır ki, millətdə inam hissinin azaldığını hiss etdim. Elə Məmməd Arazın sözünü etdiyim şeirində deyildiyi ki, millətin inamını da noxtalamışıq.

İqtisadi vəziyyətə gəlincə, qiymətlər mənim üçün belə, baha gəldi. Ona görə “mənim üçün belə” deyirəm ki, biz buradan ora gələndə hazırlıqlı gəlirik ki, orada istirahət edəcəyik. Həm də bizim buradan gətirdiyimiz avro olur ki, bir avro da təxminən bir manat səksən qəpikdən də artıq edir. Bir turist üçün də bahalı yerdir Azərbaycan...

- Turist demişkən, siz Azərbaycana turist kimi gəlirsiniz. Həm Niderlandda, həm də Azərbaycanda turizmin vəziyyətini bilirsiniz. Buradakı turizm vəziyyəti necədir? Buranın turizm imkanlarını, reallıqlarını yaşadığınız yerlə müqayisə edəndə nə deyə bilərsiniz?

- Müqayisə etməməyə çalışacam, çünki müqayisəyə gəlməzdir. Azərbaycanın turizm imkanları həqiqətən çoxdur: dənizimiz, dağımız, dərəmiz, meşələrimiz, çaylarımız, tarixi abidələrimiz, ən başlıcası, dadlı mətbəximiz və s. Amma bütün bunlar tək bizdə deyil, dünyanın bir çox ölkələrində var. Dünyada həm də turist cəlb etmək üçün rəqabət gedir. Biz bu sahədə nə edirik? Məsələ tək otellər tikməkdə deyil. Təbii ki, infrastruktur çox önəmlidir. Amma xidmət sahələrini də, qiymətləri də unutmaq olmaz. Xidmət sahəmiz çox zəifdir, bunu həm dükanlarda, həm restoranlarda, həm də digər məkanlarda görmək mümkündür. Təlim keçmədən, öyrətmədən işə götürürlər. Adama yaxınlaşıb “müəllim,” “xanım” demək hələ işini yüksək səviyyədə bilmək və mədəni xidmət deyil.

Regionlarda otellərə gedirsən, qiymətlər baha, amma birində kran yaxşı işləmir, digərində pəncərə açılmır və s. Qiymətlərdən danışmağa dəymir. Məsələn, rayonların birində 10 nəfərlə birlikdə yemək yedik - 500 manatdan yuxarı hesab gəldi. Qeyd edim ki, spirtli içki yox idi. Yaxşı, mən onu böldüm ikiyə, yəni avroya, mənim üçün təxminən 300 avro etdi. Bu da bahadır, amma gəlin daxili turizmdən danışaq. Bir adama da 50 manat hesab olar? Azərbaycanda sıradan bir vətəndaş bunu ödəmək imkanındadır? İndi bəziləri deyə bilər ki, sifarişinizdən aslıdır-filan. Bunu mən də bilirəm. Elə ona görə də sifarişimizə görə baha olduğunu deyirəm.

Şəhərdə bulvarda və digər yerlərdə çay içmək istəyirsən, sənə sadə çay vermirlər, “dəstgah verməliyik” deyirlər. Əslində, “dəstgah” sözünü də “dəzgah” kimi tələffüz edir, “çay dəzgahı” deyirlər və düz də deyirlər, insanlara dəzgah qurublar sanki. İstəməsən də, çayın yanında nəsə əlavə sifariş verməlisən. Belə turizm olar?!

Aviabiletlər baha. Qonşu Gürcüstana olan qiymətlər bizimlə mqayisədə çox ucuzdur. Ölkəyə gələndə mütləq viza almalısan ki, məsələn, yenə də qonşu Gürcüstanı misal gətirsək, ora getmək üçün bu, tələb olunmur. Onlayn vizanı da 30 gündən artıq müddətə ala bilmirsən. Gələndə 14 gündən artıq qalırsansa, mütləq qeydiyyatdan keçməlisən - məncə, mənasız bir şey, əlavə vaxt itkisidir. Pulu ancaq banklarda dəyişmək olur ki, saat 17:00-a qədər dəyişmədinsə, problemin var. Ölkəyə cümə günü axşam gəlmisənsə, həftəsonları pul dəyişə bilməyəcəksən, iki gün heç nə edə bilməyəcəksən. Bütün bu sadaladıqlarım və sadalamadıqlarım ümumi mənzərəni az da olsa, göstərə bilər, deyə düşünürəm.

Qeyd etdiyim kimi, gözəl təbiət də, tarixi abidələr də çox ölkələrdə var. Turist niyə bizim ölkəmizə gəlməlidir? Bunun cavabını vermək lazımdır. Ölkəyə turist cəlb edəndən sonra isə, gələn turist elə razı getməlidir ki, həm bir də geri dönmək istəsin, həm də ətrafındakı insanlara gödüklərini anladanda bura gəlmək istəyənlərin sayı artsın.

- Bildiyiniz kimi Azərbaycanın quru sərhədləri bağlıdır. Hökumət bunu pandemiya ilə əlaqələndirir. Sizcə, quru sərhədlərin bağlı qalması bizə nə qazandırır və nə itiririk?

- Bunu pandemiya ilə əlaqələndirirlər və məncə, çoxlarımız bunun səbəbinin başqa olduğunun fərqindəyik. Əgər bu, həqiqətən təhlükəsizlik baxmından belədirsə, yəni sərhədlər bu səbəbdən bağlıdırsa, bunu anlamaq olar. Yox, əgər deyək ki, turizm mövsümü bitəndən sonra açacaqlarsa, düşünmək olar ki, bunu daxili turizm üçün ediblər. Çünki sirr deyil ki, qonşu Gürcüstana gedib bir müddət istirahət etmək öz ölkəmizdə eyni müddətdə istirahət etməkdən ucuz olur.

Nə qazanıb, nə itiririk? Qeyd etdiyim ki, əgər bu, təhlükəsizliklə bağlıdırsa, təhlükəsizlik qazanırıq ki, bu da çox önəmlidir. İnsanlar isə yolların bağlı olmasından, əlbəttə ki, əziyyət çəkirlər - həm maddi, həm mənəvi baxımdan.

- Belə bir misal var: “Gəzməyə qərib ölkə, ölməyə vətən yaxşı”. Necə düşünürsünüz, bu misal hələ də aktuallığını qoruyur?

- Gəzmək gözəldir. Dünyanı gəzmək, görmək lazımdır. Biz bu misalı çox vaxt müəyyən bir mənada işlədirik ki, yəni vətən elə ölmək üçün seçilir. Bu yanaşmanı qəbul etmirəm. Əlbəttə ki, kənarda gəziləsi, görüləsi çox şey var. Amma bu, o demək deyil ki, vətən ancaq ölmək üçündür. Mənə gəlincə, siz də müşahidə edirsiniz ki, gəzməyə də vətənə gəlirəm. Sığortamı da etdirmişəm, öləndə məni vətəndə dəfn etsinlər deyə. Zarafat etmirəm. Yəni mənim üçün bu məqamda “Gəzməyə də, ölməyə də vətən yaxşı” misalı yerinə düşür (gülür – İ.M.).

Müəllif: İsmayıl Məmmədli