Azərbaycansayağı “QKÇP”-nin qarşısı alındı – <font color=red> TOY HAVASI</font>

Siyasət

23.08.2020 - 14:31

Bu, “yumşaq qiyam” cəhdi, ictimai fikrin zondajı idi. Lakin bu dəfə plan alınmadı

 

Bu dəfə də bəzi keçmiş və indiki məmurlar özlərini qanunlardan üstün tutdular və bunun bədəlini ödəməli oldular. Demokratik açılım, islahatlar və yenilənmə siyasi kursuna qarşı çıxan guruh bu dəfə də sabotajlarından geri qalmadı. Yeni siyasi kursla, islahatlarla ayaqlaşa bilməyənlər Prezidentin addımlarına açıq-aydın əngəl oldular və güc nümayiş etdirdilər. Bütün bunlar niyə baş verdi?

 

Fikrimcə, hakimiyyətin islahat adı altında başladığı cəsarətli addımın arxası gəlmədiyindən, ölkəyə öz ticarət obyekti kimi baxanlar cəsarətə gəldilər. Bu gün müşahidə etdiyimiz “əzələ nümayişi” məhz  bunun nəticəsidir. Baş verənlər səbəb deyil, nəticədir. Problemin kökü daha dərindir. Anlamaq lazımdır ki, demokratiya, beş illik hakimiyyət, bunlar hamısı birinci növbədə Prezident olmuş və olacaq şəxsin özü üçün faydalıdır. Fikrimiz o cümlədən yüksək postlar tutan məmurlara da aiddir.

 

Uzun illər yüksək vəzifə tutmuş nazirlərimiz, səfirlərimiz, İH başçıları o qədər harınlayıb və korrupsiyaya uğrayıblar ki, artıq ölkə rəhbərinə də “əzələ” nümayiş etdirirlər. Təəssüf doğuran hal isə odur ki, onların dağıtdıqları milli sərvət və ölkənin vəsaiti dövlətimizin xəzinəsinə cəlb olunmur. Demokratik cəmiyyətlərdə bütün problemlər həm məhkəmələr vasitəsilə açıq bildirilir, həm də mətbuat vasitəsilə ictimailəşdirilir. Demokratiyanın və məhkəmə hüquq sisteminin möhkəm olduğu dövlətlərdə belə hallar ola bilməz. Uzun müddət yüksək vəzifə tutmuş birinin bağ ərazisində, karantin dövründə dəbdəbəli toy məclisi qurub, hər kəsə meydan oxuması islahatlara qarşı həyata keçirilən əks-inqilaba cəhdin tərkib hissəsi  idi.

80 uşağa sənət öyrədildi

Bu, “yumşaq qiyam” cəhdi, ictimai fikrin zondajı idi. Lakin bu dəfə plan alınmadı. Yüksək vəzifə tutmuş məmurlar qınaq obyektinə çevrildilər. Bu qiyamın təşkilatçısı olan şəxsə özünün illərlə yetişdirdiyi məmurların verdiyi dəstəyin qarşısı alındı. Dövlət harın məmura yerini göstərdi. Eyni zamanda unutmaq lazım deyil, bu məmurların heç birinin xalq arasında sevgisi olmadığından ictimai dəstək ala bilmədilər ( Yanayev, Yazov çevriliş cəhdini xatırlayanlar bunu yaxşı bilirlər).

 

Bununla problem həll edildimi? Düşünürəm ki, həll edilmədi. Şəxsən mən özüm Milli Məclisə keçirilən seçkilərə inamla qatılmışdım. İslahatlar kursuna dəstək vermək, korrupsiyalaşmış məmurların özbaşnalığına “yox” demək istəyirdim. Bütün seçki kampaniyalarında iştirak etmiş bir siyasətçi olaraq, yenə də harınlaşmış məmurlardan və onların əlində oyuncağa çevrilən saxtakarlardan çox ciddi zərbələr aldım. Dövlətin qanunlarını heçə saymaq artıq onların qanına hopub. Cəzaları nədirsə, qanun səviyyəsində verilməlidir. Proseslərə Stalin, Brejnev taktikası ilə yanaşmalı deyilik. Qanunlar işləməlidir.

 

Burada bir məqama da diqqət çəkmək istəyirəm. 1993-cü ildə mərhum Əbülfəz Elçibəyin hakimiyyətinin devrilməsini rəsmiləşdirən parlamenti xatırlamaq lazım gəlir. Hakimiyyətimizdəki fikir ayrılığından parlament buraxılmadı və hakimiyyətin Qarabağda uğurlu döyüş apararaq nüfuzunu artırdığı zamanda seçki keçirilmədi. Cəmi bir il sonra Allahşükür Paşazadənin də üzv olduğu parlament toplanaraq Əbülfəz Elçibəy hakimiyyətinə son qoydu. Şeyxin Gəncədən dönərək necə acıqlı çıxış etdiyini hər kəs xatırlayır. Təəssüflə qeyd etmək lazımdır ki, yeni parlamentdə də məlum məmurun yetəri qədər deputatı var.

 

Keçən ilin sonunda ölkə Prezidenti İlham Əliyev parlamenti buraxaraq, yeni seçkilər təyin elədi. Biz siyasətçilər də islahatlara inanaraq seçkiyə qatıldıq. Lakin bizi elə köhnə qəssablara uduzduraraq beyinlərdə yaranmağa başlayan demokratik islahatlara inamı məhv elədilər. 9 fevralda Məzahir Pənahovun rəsmi rəhbərliyi altında seçkilərə inam qətl edildi.

 

Biz müxalifətçilər, keçmiş komandadan az çəkməmişik. Bu gün də ölkədə normal ictimai-siyasi vəziyyəti formalaşdırmaq üçün  addım atılmır. Dəfələrlə yazdıq, dedik, dinləyən olmadı. Ölkədəki siyasi güc və nüfuzlu aydınlarla zoom və ya başqa ortamda toplantılar keçirilməli, aşağıdan və ya müxalifətdən gələn fikirlər dinlənilməli idi.

Ramiz Mehdiyev: `Belə məmurlarla çox böyük vaxt itkisinə yol verə bilərik`  » www.AKTUALXEBER.info

Sanki “toy qalmaqalı” elə köhnələrin özləri tərəfindən ictimailəşdirilib. Ölkədə isə azad telekanal və mətbuat olmadığından müstəqil analitiklər geniş ictimaiyyətlə düşüncələrini bölüşə bilmirlər. Tv-lər üzü üzlər görmüş reneqat şərhçilərlə doludur.

 

Ölkədə islahat başlayıbsa, mütləq xalqa və bu dövlət üçün canı yanan siyasətçilərə söykənmək lazımdır. Əks halda yenə bir toydan, yasdan quracaqlar və bu dəfə dövlətə inamın yasını edəcəklər. Keçən hər gün gec qalınmaqdadır.

 

Bu gün harın məmuru həbs etməklə nə xalqı təəccübləndirmək olur, nə də hakimiyyətin reytinqi yüksəlir. Xalqın gözü ciddi islahatlardadır. Həbs olunan məmurlardan dövlətin xeyrinə nə müsadirə olunub? Vurduqları zərərin miqyası bəllidirmi? Bilən yoxdur.

 

Neçə nazirlikdə korrupsiya və cinayət halları aşkarlanıb. Hansı nazir həbs olunub? İH başçıları həbs olunur. Nazirliklərdə isə bunu görmədik. Bunların hamısı biz siyasətçiləri narahat edən məsələlərdir və əgər bu məsələdə Prezident bizdən, siyasətçi və müxalifətdən dəstək istəyəcəksə, biz ölkə rəhbərinə yardım etməyə hazırıq. Bir siyasətçi, Aydınlar Partiyasının sədr müavini olaraq bir daha bəyan edirəm ki, Azərbaycan dövlətinə qarşı hər hansı bir çevriliş cəhdi, qeyri-konstitusion addım görəcəyiksə, dövlətin və onun Prezidentinin yanında olacağıq. Çünki bizim üçün əziz olan Azərbaycan dövlətinin müstəqilliyinin qorunması və möhkəmlənməsidir.

 

Qorxmaz İbrahimli

Müəllif: Ayna.az