Azərbaycanlı qadın rəssam Nəsimiyə görə ölümü gözə aldı - <font color=red> FOTO, VİDEO </font>

Mədəniyyət

18.06.2019 - 13:20

Həkimlər Klinikalar SEO Xidməti

Azərbaycanın yeganə miniatür qadın rəssamı Pərinisə Əsgərova (Pəri Miniatür) Nəsimi ilinə möhtəşəm ərməğan edib. Belə ki, rəssam Şabran rayonunda yerləşən, V-VI əsrlərə aid Çıraqqala tarixi abidəsinə qalxaraq İmadəddin Nəsiminin portretini çəkib.

 

Pəri Minatür Ayna.az-a açıqlamasında bildirib ki, zamana sığmayan Nəsimi üçün 1232 metr hündürlükdə yerləşən Çıraqqala adlanan qalaya qalxmaq rəssamı heç də qorxutmayıb: “Nəsimini də Şah Xətai qədər sevirəm. Ola bilər ki, onları dərindən anlamıram, amma ruhları çox yaxındır mənə, lap doğmadır. Hətta elə hiss edirəm ki, onlara ərk edə bilərəm, məni tanıyırlar”.

Peri Miniatur adlı şəxsin şəkli.

Pəri Miniatür layihənin ərsəyə gəlməsindən də danışıb: “Nəsimi ilinə və böyük Sufiyə hədiyyə etməyi düşünürdüm. Ancaq necə edəcəyimə dəqiq qərar verməmişdim. Məhz Çıraqqalada belə bir layihəni gerçəkləşdirmək ideyası isə rejissor Elçin Ağazadədən gəldi. Məmnuniyyətlə razılaşdım və işə başladıq”.

 

Xanım rəssam bu layihənin həyata keçirilməsində maddi dəstəkçisinin olmadığını da qeyd edib: “Bir dostumdan borc aldım bu iş üçün, hissə-hissə geri qaytaracağam. Oğlum isə mənəvi dəstəkçim oldu. Həmçinin iki dostum və onların gətirdiyi iki alpinist bu işdə təmənnasız yanımda oldular”.

Peri Miniatur adlı şəxsin şəkli.

O, çəkiliş prosesindən də danışıb: “Ən çətini zirvəyə qalxmaq və orada işləmək idi. Əvvəlcə günəşin əyilməsini gözlədik. Sonra məni kəndirlərlə və qoruyucu papaqla mühafizə etdilər, bundan sonra qalaya qalxmağıma izn verdilər. Çətin olsa da, qorxmadım, sadəcə yuxarıda olanda bircə dəfə ayağımın altından daş tərpəndi, ancaq o zaman üşəndim. Aşağıdakı 12 nəfərlik heyət isə sözün əsl mənasında, özünə əl qatmışdı. Rejissor bircə dublla kifayətləndi, əgər davam etsəydi, çəkiliş daha uğurlu alınardı. Sonda mən əllərimi açıb səmaya üz tutdum. Amma dronu yaxına gətirmədikləri üçün bu səhnə möhtəşəm olmadı. Geyimimlə də qalanın rəngi uyğunluq təşkil etdiyi üçün yaxşı seçilmədim”.

Peri Miniatur adlı şəxsin şəkli.

Pəri Miniatür çəkiliş zamanı oğlunun çox həyəcan keçirdiyini də qeyd edib: “Nəsiminin ağrısını duymağa, cizgilərini hiss etməyə çalışdıq. Çıraqqaladakı zirvə çəkilişlərinin daha gözəl ola biləcəyinə inanırdıq. Di gəl ki, rejissorumuz Elçin Ağazadə fərqli dubllar etməyə qıymadı məni tez səslədi aşağı. Səbəbi isə oğlumla bağlı olub. Mən zirvədə olanda rejissor oğlumdan su istəyib və bu zaman onun əllərinin əsdiyini görüb. Ona görə də çəkilişi tez bitirib. Hələ özü də namaz zamanı mənə dua edib, nəzir deyib”.

Peri Miniatur adlı şəxsin şəkli.

Miniatürçü rəssamın dediyinə görə, o, bu layihəsinin davamını etməyi də düşünür: “Əgər imkan olsa, Şah Xətai və Mübariz İbrahimov haqqında da maraqlı çarx ərsəyə gətirməyi düşünürəm”.

 

Qeyd edək ki, layihənin rejissoru Elçin Ağazadə, operatoru Terlan Haqverdiyevdir, montaj isə Emin Yahyaya məxsusdur.  Layihədə “Nəsimi” filmindən, həmçinin Ramiz Quliyevin ifasında “Ləpələr” musiqisindən istifadə olunub.

Müəllif: Ayna.az