Azərbaycanlı jurnalistlər İstanbulda tarixi məkanlarda - <font color=red> FOTOLAR</font>

Dünya

16.02.2021 - 01:42

Abidlərin tarixi və əhəmiyyəti haqqında səfər iştirakçılarına məlumat verilib

 

Xəbər verdiyimiz kimi, bir qrup azərbaycanlı jurnalist Türkiyənin Mədəniyyət və Turizm Nazirliyinin dəvəti ilə Türkiyədə səfərdədir. AYNA xəbər verir ki, jurnalistlər bu gün Türkiyə mədəniyyətinin beşiyi sayılan İstanbul şəhərində bir çox tarixi abidələri ziyarət ediblər. Səfər çərçivəsində bir çox işgüzar görüşlərdə olan jurnalistlərə Türkiyənin turizm sektorundakı inkişafı, həmçinin yeni lahiyələrlə bağlı məlumat verilib. 
 
Türkiyənin Mədəniyyət və Turizm Nazirliyi səfər çərçivəsində jurnalistlərin peşəkar fəaliyyət göstərməsi üçün lazımi şərait yaradıb.
 
Türkiyədə turistlərin ən çox ziyarət etdiyi Topqapı sarayı və Aya Sofya məscidinə ziyarətlər təşkil edilib, abidlərin tarixi və əhəmiyyəti haqqında səfər iştirakçılarına məlumat verilib. 
 
Qeyd edək ki, Türkiyənin məşhur tarixi yerlərindən biri olan Topqapı sarayı dünyada ən çox turist qəbul edən tarixi abidələrdən biridir və əzəmətli tikilinin təməli Fateh Sultan Mehmet tərəfindən İstanbul fəth olunduqdan sonra 1460-cı ildə qoyulub. Sarayın inşası 18 il davam edib və 1478-ci ildə tamamlanıb. İstanbulun ən görkəmli yerlərindən biri olan Sarayburnunda yerləşən bu tikili 700 min kvadratmetrlik ərazidə inşa edilib. Topqapı Sarayının tikintisində Avropa mədəniyyətini özündə əks etdirən Barok və Osmanlı memarlıq nümunələrindən istifadə edilib. Maraqlı məqamlardan biri də odur ki, bu gün də Topqapı sarayı ziyarəçilərlə dolu olur. 
 
Ziyarət edilən digər tarixi abidə isə əvvəl provoslav kilsəsi, daha sonra isə məscidə çevrilən Aya Sofya məbədi olub. Məbəd bir müddət muzey kimi fəaliyyət göstərsə də, 2020-ci ilin 11 iyulundan yenidən məscid kimi fəaliyyət göstərir. Bizans dövrünə aid olan Aya Sofya Bizansın "qızıl əsrinin" simvolu sayılır və hazırda rəsmi olaraq Ayasofya Böyük Məscidi adlanır.
 
Onu da əlavə edək ki, pandemiya dövrü olsa da, Topqapı və Aya Sofyanın ziyarətçiləri saysız-hesabsız dərəcədə çoxdur. Ziyarətçilər arasında Rusiya və digər post-sovet ölkələrinin vətəndaşları üstünlük təşkil edir.
Müəllif: Mərahim Nəsib