“Azərbaycan Türk Ocağı” Türkiyədəki yanğınlardan zərər görənlər üçün ianə kampaniyası başladıb
“Azərbaycan Türk Ocağı” Türkiyədəki meşə yanğınlarından əziyyət çəkən qardaşlarımıza yardım kampaniyasına başlayıb. AYNA xəbər verir ki, bu barədə “Azərbaycan Türk Ocağı”nın başqanı Akif Aşırlı bildirib.
A.Aşırlı “Facebook” səhifəsində yardım kampaniyasına qoşulmaqla bağlı çağırış edib: “Əziz dostlar, bir necə gündür ki, qardaş Türkiyədə yanğınlar davam edir. Antalya, Alanya, Manavqat, Muğla, Burdur, Mersin, Dənizli, Osmaniyyədə başlanan yanğınlarda hektarlarla meşələr, yaşayış massivləri, tibb və təhsil müəsisələri yanıb, insanlar evlərindən təxliyə olunub. Vəziyyətin acınacaqalı hal aldığını nəzərə alaraq, “Azərbaycan Türk Ocağı” yanğından zərər çəkən bölgələrə maddi dəstək ücün ianə kompaniyasına başlamağa qərar verdi”.
““Qardaş köməyi” adlanacaq yardımlaşma bu gündən başlayaraq avqustun 12-dək davam edəcək. Qeyd edək ki, bu kampaniyada mərkəzi qərargahı Ankarada yerləşən “Türk Ocaqları” Mərkəzi Qərargahı və yanğın bölgələrinin eyniadlı şöbələri ilə koordinasiyalı fəaliyyət göstərəcəyik. Gəlin, Türkiyənin bu acı günündə qardaş köməyimizi əsirgəməyək. Toplanan vəsait və yardımlaşmada iştirak edən hər kəs barədə “Azərbaycan Türk Ocağı”nın saytında məlumatlar veriləcək”, - deyə A.Aşırlı qeyd edib.
Qeyd edək ki, kampaniyada iştirak etmək istəyən vətəndaşlar “Milli ÖN” və digər ödəniş terminallarından “Kapital Bank”ın 5103 0714 4619 0338 nömrəli hesabına köçürmə ilə ianə edə bilərlər.