DYP sürücülərə xəbərdarlıq edir

Xəbərlər

25.11.2019 - 10:54

Həkimlər Klinikalar SEO Xidməti

Rüfət Quliyev: “Bəzi sürücülər havaların yağışlı, çiskinli olmasını bəhanə gətirərək, avtomobillərinin dövlət qeydiyyat nişanlarını təmiz saxlamırlar”

 

“Yol hərəkəti haqqında” Qanunun tələbinə əsasən, hərəkətdə olan nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanının görünməsi üçün onun təmiz saxlanılması təmin edilməlidir. Bu barədə AYNA-ya Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Rüfət Quliyev açıqlama verib.

 

O bildirib ki, nəqliyyat vasitələrinin sürücüləri tərəfindən bu vəzifənin yerinə yetirilməməsi avtomobilin istismarı qaydalarının pozulması hesab edilir: “Hazırda qış mövsümü ilə əlaqədar küçə və yollarda çirkli su və ya palçığın yaranma ehtimalının artıb. Bu səbəbdən sürücülər avtomobillərinin, o cümlədən onların dövlət qeydiyyat nişanlarının təmiz saxlanılmasına daha çox diqqət ayırmalıdırlar”.

 

“Lakin bəzi sürücülər havaların yağışlı, çiskinli olmasını bəhanə gətirərək, avtomobillərinin dövlət qeydiyyat nişanlarını təmiz saxlamırlar. Hətta bilərəkdən nişanların üstünü süni şəkildə bir az da çirkləndirirlər. Bu kimi hallar yolverilməzdir”, - DYP sözçüsü vurğulayıb.

 

Xatırladırıq ki, İnzibati Xətalar Məcəlləsinin 342.1.7 maddəsinin tələbinə əsasən, hərəkətdə olan nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanının görünməsi üçün onun təmiz saxlanılmamasına görə 40 manat məbləğində cərimə nəzərdə tutulur.

Müəllif: Ayna.az