Ramin Bayramlı: “Sərt karantin rejiminin ilk həftəsində yoluxma sayının nisbətən stabil saxlanıldığını görürük”
Koronavirusla bağlı Azərbaycanda ölüm faktı iki faizdən azdır. AYNA xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi”nin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı bildirib.
TƏBİB rəhbəri qeyd edib ki, bu, digər ölkələrlə müqayisədə qənaətbəxş göstəricilərdir: “Digər ölkələrdə ölüm faizi 12-14 faizə yaxındır. Bu fərqə Azərbaycanda qabaqlayıcı tədbirlərin vaxtında görülməsi səbəb olub”.
Bayramlının sözlərinə görə, 22-28 iyun tarixləri arasında sağalanların sayında artım qeydə alınıb: “Sərt karantin rejiminin ilk həftəsində yoluxma sayının nisbətən stabil saxlanıldığını görürük. Düşünürük ki, mənfi dinamika aradan qaldırılacaq. Bununla əlaqədar sərt karantin rejiminin yoluxma ilə sağalma sayları arasındakı ciddi fərqi azaldacağını düşünürük”.