Azərbaycanda jurnalistlər “özümüzünkülər və özgələr”ə bölünəcək

Cəmiyyət

20.12.2021 - 15:27

Yeni qanun layihəsi əksər ekspertlər tərəfindən tənqid olunur: “Belə danışmamışdıq...”

Azərbaycan Milli Məclisi dekabrın 14-də jurnalistlərin və ekspertlərin ciddi tənqidinə səbəb olan “Media haqqında” qanun layihəsini birinci oxunuşda qəbul edib. AYNA yeni qanun layihəsinə mütəxəssislərin münasibətini öyrənib.

“Turan” İnformasiya Agentliyinin direktoru Mehman Əliyevin sözlərinə görə, bu qanun layihəsinin Milli Məclisdə müzakirəsi zamanı Medianın İnkişafı Agentliyinin (MEDİA) icraçı direktoru Əhməd İsmayılov bildirib ki, yeni qanun layihəsinin hazırlanmasında məqsəd informasiya təhlükəsizliyinin artırılması, medianın inkişafı və stimullaşdırılmasıdır.

“Əgər biz dövlət qurumlarından adi məlumat ala bilmiriksə, hansı informasiya təhlükəsizliyindən danışa bilərik?!”, - deyə Mehman Əliyev sual edib.

Onun sözlərinə görə, “Media haqqında” qanun bir sıra KİV-lərin dövlət tərəfindən maliyyələşdirilməsini nəzərdə tutur: “Lakin media orqanı QHT deyil, özünü maliyyələşdirməli olan kommersiya təşkilatıdır. Medianın İnkişafı Agentliyi də media ilə müzakirələr aparacağına söz vermişdi. Lakin bu qanun layihəsinin müzakirəsi demək olar ki, aparılmadı”.

Media eksperti Zeynal Məmmədli də mövcud vəziyyətdən razı deyil. Onun fikrincə, çox gözəl qanunlar qəbul etmək olar, lakin şəffaf reklam bazarı olmadan medianın müstəqilliyini təmin etmək mümkün deyil: “Azərbaycanda azad reklam bazarı yoxdur. Mediaya hakimiyyət orqanları nəzarət edir. Əbəs yerə deyil ki, Azərbaycanda jurnalistlərə dövlət mənzil verir. Digər KİV nümayəndələri isə öz mənzillərini özləri almağa məcburdurlar. Çox vaxt jurnalistlər özləri məmurların təsiri altına düşməyə çalışırlar”.

Ekspert təəssüflə qeyd edib ki, yeni qanunda media ombudsmanı və onun səlahiyyətləri ilə bağlı maddə yoxdur: “Ona görə də yeni qanunun qəbulunun Azərbaycanda media müstəqilliyinin inkişafına töhfə verəcəyinə inanmıram”.

Media hüququ eksperti Ələsgər Əhmədoğlunun dediyinə görə, jJurnalistləri nəzarətdə saxlamaq üçün hakimiyyət onlara 600-ə yaxın mənzil verib: “Həmçinin bir sıra KİV-lərə 30 milyon manat məbləğində maliyyə dəstəyi göstərilib. Ancaq bunun mənasız bir təşəbbüs olduğu ortaya çıxdı. Bu gün bir çox blogerlər çox populyardır və dövlətdən pul alan mediadan daha çox oxunurlar”.

Hüquqşünas söyləyib ki, yeni qanun layihəsində jurnalistlər üçün yeni məhdudiyyətlər nəzərdə tutulub: “Ancaq bu, yanlışdır. Jurnalistlər yalnız dövlətdə qüvvədə olan etik normalara və hüquq normalarına əməl etməlidirlər”.

Əhmədoğlu vahid sertifikatların tətbiqinə də mənfi münasibət bəsləyir: “Beləliklə, jurnalistləri “özümüzünkülər və özgələr”ə bölmək istəyirlər”.

Deputat və “Ədalət” qəzetinin təsisçisi Aqil Abbas isə hesab edir ki, “Media haqqında” yeni qanunun qəbulunu cəmiyyətdə baş verən dəyişikliklər diqtə edib: “İlk dəfə “KİV haqqında” qanun 22 il əvvəl qəbul edilib. Halbuki o vaxt nə sosial şəbəkələr, nə də internet televiziyaları var idi”.

Ə.Əhmədoğludan fərqli olaraq, A.Abbas jurnalistlər üçün vahid vəsiqənin tətbiqini müsbət qiymətləndirir: “Bu, reket jurnalistika ilə mübarizədə bizə kömək edəcək”.

Deputat media qurumlarının dövlət tərəfindən maliyyələşdirilməsinin də tərəfdarıdır: “Axı qəzetlər özünü maliyyələşdirə bilmir, çünki ölkədə reklam bazarı yoxdur. Azərbaycanda bir çox sahələrdə olduğu kimi, bu sahədə də monopoliya hökm sürür”.

Müəllif: Rəşad Rüstəmov

Ramanada faciə

Dünən, 17:26 Hadisə