Əmək Hüquqlarının Müdafiəsi İnstitutunun təşkilatçılığı ilə ictimai müzakirə keçirilib
Azərbaycanda əmək hüquqları necə qorunur? Bu sual öz aktuallığını qorumaqda davam edir. Cünki işəgötürənin tələbi yüksək, işçinin isə maaşı aşağıdır. 70 il SSSR-nin tərkibində olan Azərbaycanda 1 May - Əməkçilər Günü böyük coşqu ilə qeyd olunurdu. Həmçinin işcilərin həm hüquqi, həm də maddi təminatları vardı. Lakin hazırkı kapitalist sistemində tam fərqli iqtisadi münasibətlər mövcuddur. Bu, öz növbəsində işçilərə münasibətdə bir çox problemə yol açır.
AYNA xəbər verir ki, əmək qanunvericiliyi çərçivəsində əmək hüquqlarının təmin edilməsinə dəstək göstərmək məqsədilə 2021-ci ildə Azərbaycanda Əmək Hüquqlarının Müdafiəsi İnstitutu (ILRA) yaradılıb. Bir il ərzində ILRA əmək hüquqları sahəsində maarifləndirmə tədbir və kampaniyaları keçirməklə yanaşı, vətəndaşlara pulsuz hüquqi yardım göstərib. Eyni zamanda, əmək hüquqlarının qorunması ilə məşğul olan müvafiq qurumların fəaliyyətinin monitorinqini aparmaqdadılar.
Ötən günlərdə Əmək Hüquqlarının Müdafiəsi İnstitutunun təşkilatçılığı ilə "Azərbaycanda əmək hüquqlarının müdafiəsi" mövzusunda 30-dan çox hüquqşünas, tələbə və müxtəlif sahələrdən işçinin qatıldığı ictimai müzakirə keçirilib.
Tədbirdə “Sosial Hüquqların Araşdırılması” İB-nin sədri, BDU-nun professoru, hüquq elmləri doktoru Mayis Əliyev, "İnşaat-İş" Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri Umud Hüseynov, ILRA-nın hüquqşünası Pərvanə Allahverdiyeva və ILRA-nın həmtəsisçisi Fərid Rustamzadə çıxış edib.
Mayis Əliyev mövzu ilə bağlı çıxış edərək qeyd edib ki, Azərbaycanda işə qəbul zamanı işçidən qanunda nəzərdə tutulmayan çoxlu sənədlər istəyirlər.
“Hesab edirəm ki, İnzibati Xətalar Məcəlləsinə qanunda nəzərdə tutulmayan sənədlərin işə qəbul zamanı tələb edilməsinin cəriməylə sanksiyalaşdırılması barədə dəyişiklik edilməlidir”, - deyə bildirib.
Umud Hüseynovun sözlərinə görə, bu gün Milli Məclisdə sahibkarların lobbisi daha güclüdür.
“Milli Məclis işçilərin mövqeyini yox, orada əyləşən deputatların səs verdiyi qanunu qəbul edir, təbii ki. O deputatlar da kimi müdafiə eləyir? Çoxunun elə özü sahibkardır orada. Böyük sahibkarların, ümumiyyətlə, tikintisinə yaxın düşmək olmur. Bəzən biz qəza baş vermiş ərazilərə gedəndə də bizi içəri buraxmırlar”,- deyə vurğulayıb.
İLRA-nin hüquqşunası Pərvanə Allahverdiyeva isə qeyd edib ki, dövlət müəssisələri işçilərin hüquqlarının qorunması kimi məsələlərə özəl müəssisələrdən daha həssas yanaşırlar.
Tədbir zamanı əmək hüquqlarının müdafiəsi üçün mövcud mexanizmlər, həmkarlar ittifaqlarının və QHT-lərin işçilərin əmək hüquqlarının qorunmasında iştirakı, əmək hüquqlarının müdafiəsinin gücləndirilməsi perspektivləri və o cümlədən qanunvericiliyin təkmilləşdirilməsi ilə bağlı təkliflər müzakirə edilib.