Azərbaycan humanitar böhranın aradan qaldırılmasına töhfə verəcək
Azərbaycan İslam Əməkdaşlıq Təşkilatının (İƏT) məsuliyyətli üzvü kimi və islam həmrəyliyinə sarsılmaz sadiqliyindən irəli gələrək, Əfqanıstanda humanitar böhranın nəticələrinin aradan qaldırılmasında iştirak edəcək.
AYNA xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin məlumatında bildirilib.
Qeyd olunur ki, Azərbaycan beynəlxalq birliyin, o cümlədən İƏT üzv-dövlətlərinin birgə addımları nəticəsində aradan qaldırılmasının tərəfdarıdır və bu istiqamətdə atılan addımlara töhfə verməkdə davam edəcək.
Xatırladaq ki, Pakistanın paytaxtı İslamabadda keçirilən İslam Əməkdaşlıq Təşkilatının Xarici İşlər Nazirləri Şurasının 17-ci növbədənkənar iclasında Əfqanıstandakı vəziyyət, onun regional və qlobal təhlükəsizliyə təsiri ətrafında fikir mübadiləsi aparılıb.
İclasın yekununda Əfqanıstanda humanitar vəziyyətin sabitləşməsi istiqamətində İslam Əməkdaşlıq Təşkilatı tərəfindən atılacaq praktiki addımları özündə əks etdirən yekun qətnamə qəbul edilib.