"Azərbaycan həmişə olduğu kimi, beynəlxalq əməkdaşlığa, sülhə və sabitliyə fəal töhfə verməyə hazırdır"
Yanvarın 16-da ABŞ Prezidenti Donald Tramp Qəzza ilə bağlı Sülh Şurası adlı beynəlxalq təşkilatın yaradılması qərarını açıqlayıb və Azərbaycan təşkilatın təsisçi üzvü olmağa dəvət edib.
Azərbaycan Xarici İşlər Nazirliyindən (XİN) AYNA.AZ-a verilən məlumatına görə, Azərbaycan dəvəti qəbul edib və Amerika tərəfini Sülh Şurasının təsisçi üzvü olmaq niyyəti barədə məlumatlandırıb.
Qeyd olunub ki, Azərbaycanın Sülh Şurasına üzvlüyünün təsdiqlənməsi ilə bağlı rəsmi məktub ABŞ-a göndəriləcək və bundan sonra müəyyən edilmiş prosedurlar çərçivəsində müvafiq addımlar atılacaq.
Bəyanatda vurğulanıb ki, "Azərbaycan həmişə olduğu kimi, beynəlxalq əməkdaşlığa, sülhə və sabitliyə fəal töhfə verməyə hazırdır".
Qeyd edək ki, Sülh Şurasının məqsədi əsasən 2023-2025-ci illər müharibəsindən sonra Qəzza zolağında "sabitliyi təşviq etmək, qanuni idarəetməni bərpa etmək və münaqişə bölgələrində davamlı sülhü təmin etmək"dir. Birləşmiş Millətlər Təşkilatı bunu 2025-ci ilin noyabr ayında 2803 saylı qətnamə ilə təsdiqləyib.
Bu ilin 16 yanvarında Ağ Ev Sülh Şurasına iki strukturun tabe olacağını elan edib: İcra Şurası və Qəzza İcra Komitəsi. Onlarla dövlət başçısı ona qoşulmaq üçün dəvət alıb.