Düşərgənin proqramına 10 fərqli istiqamət daxil edilib
İyulun 27-də Təhsil Nazirliyinin dəstəyi, Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin təşkilatçılığı ilə keçirilən “Azərbaycan qəhrəmanı” adlı virtual düşərgəyə yekun vurulub. AYNA-ya bu barədə Təhsil Nazirliyi Respublika Uşaq Gənclər İnkişaf Mərkəzindən (RUGİM) məlumat verilib.
Məlumata görə, COVİD-19 pandemiyası ilə əlaqədar virtual təşkil olunan düşərgənin keçirilməsində əsas məqsəd böyüməkdə olan gənc nəslin hərbi-vətənpərvərlik tərbiyəsinə diqqəti artıraraq onlarda qəhrəmanlıq hisslərini gücləndirmək, milli-mənəvi dəyərləri təbliğ etmək, dövlətçiliyimizin qorunub saxlanması, gənclərimizin mərd və cəmiyyətə yararlı vətəndaş kimi formalaşması, eyni zamanda son günlər Tovuz rayonu istiqamətində Ermənistanın Azərbaycana qarşı növbəti silahlı təzyiqi nəticəsində Vətən uğrunda həlak olmuş şəhidlərimizin xatirəsini əziz tutmaqdan ibarətdir: “Düşərgənin proqramına “Ölkənin tarixi”, “İlk tibbi yardım”, “Ərazidə sağ qalmaq”, “Səmti müəyyənetmə”, “Sağlam həyat tərzi”, “Döyüş sənəti növləri”, “Şahmat”, “Məntiqi kvest”, “Kosmik texnologiyalar”, “Liderlik” kimi 10 fərqli istiqamət daxil edilib”.
“Virtual düşərgəyə Bakı şəhəri və respublikamızın regionları ilə yanaşı dünyanın müxtəlif ölkələrində yaşayan ümumilikdə 100 nəfər 12-15 yaşlı azərbaycanlı uşaqlar qatılıb. Layihə çərçivəsində gənclərə Qarabağ müharibəsi veteranları, Azərbaycanın xalq yazıçısı, alpinist, Avropa və dünya çempionları, respublikanın tanınmış müəllimləri də daxil olmaqla peşəkar təlimçilər tərəfindən təlimlər keçirilib”-mərkəzdən bildirilib.
Qeyd olunub ki, 7 gün davam edən düşərgədə Azərbaycan Milli Elmlər Akademiyasının Nəsimi adına Dilçilik İnstitunun Mülki Müdafiə Qərargahının rəisi, Qarabağ müharibəsi veteranı, polkovnik-leytenant Mehman Həsənov, Bakı Dövlət Universitetinin dosenti, tarix elmlər namizədi, Qarabağ müharibəsi veteranı Atamoğlan Məmmədli, Azərbaycan Taekvondo Federasiyasının milli məşqçisi və Milli Hakimi, Beynəlxalq dərəcəli 3-cü Dan qara kəmər sahibi Seymur Şahbazov, Azərbaycan Respublikası Səmti Müəyyənetmə İdman Federasiyasının üzvü və Azərbaycan çempionu Süleyman Əliyev, Beynəlxalq Astronavtika Federasiyasının 2023-cü il Konqresinin həmsədri, Azərkosmos MMC-nin Kosmik Texnologiyanın tətbiqi üzrə məsləhətçisi, Kembric Astronomiya, Astrofizika və Kosmik elm nəşriyyatı üzrə məsləhət şurasının üzvü Rüstəm Rüstəmov, Azərkosmos MMC-nin böyük peyk mühəndisi Rüstəm Zalıyev, Tusi-Bohm planetariumun rəhbəri astrofizik Famil Mustafa, təcili yardım həkimi İmran Orucov və Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin direktoru Firuzə Sultan-zadə tərəfindən təlimlər keçirilib: “Virtual düşərgənin sonuncu günü Azərbaycanın xalq yazıçısı, "Dostluq", "Şöhrət", "Şərəf" ordenləri ilə təltif olunmuş və digər dövlət mükafatlarına layiq görülmüş Çingiz Abdullayev və Azərbaycan Alpinizm Federasiyasının prezidenti, Himalayın səkkiz min metrlik zirvələrini fəth edən ilk azərbaycanlı, Azərbaycan Alpinizm tarixinin ilk “Qar bəbiri” fəxri adını qazanan, Şimal qütbünün ilk fəthçisi və Antaraktidanın ən hündür nöqtəsində Azərbaycan bayrağını ucaltmış ilk azərbaycanlı, "Tərəqqi" medalı, I və II dərəcəli Edelweiss Alpinizm Ordeninin sahibi İsrafil Aşurlu ilə onlayn görüş keçirilib”.
“Virtual layihə çərçivəsində Həzi Aslanov, Polad Həşimov, Mübariz İbrahimov, Mehdi Hüseynzadə kimi qəhrəmanların adlarını daşıyan komandalar arasında “Səmti müəyyənetmə”, “Kosmik texnologiyalar”, “Məntiqi kvest” istiqamətləri üzrə müsabiqələr keçirilib, “Döyüş sənəti növləri” - taekvondo istiqaməti üzrə seçilən iştirakçılar sarı kəmərə layiq görülüb, digər bütün iştirakçılar isə sertifikatlarla təltif olunub. Təlimin sonunda iştirakçılar “Qarabağ Azərbaycandır!”, “Erməni təcavüzünü dayandırın!”, “Qarabağa azadlıq!”, “Məcburi köçkünlər doğma yurdlarına qaytarılsın!” və s. şüarlar yazılan plakatlar hazırlayaraq dünya ictimaiyyətinə səsləniblər”-deyə RUGİM-dən vurğulanıb.