Ayasofyanın altında 420 metrlik qədim tunel şəbəkəsi aşkar edilib

Maraqlı

23.11.2026 - 16:58

Şəbəkəni üzə çıxarmaq üçün təxminən 3 min tona yaxın torpaq və tikinti tullantıları çıxarılıb

İstanbuldakı Ayasofya məscidinin altında ümumi uzunluğu 420 metr olan tarixi tunellər şəbəkəsi aşkar edilib. AYNA.AZ Türkiyə mediasına istinadən bildirir ki, bu barədə bərpa sahəsini ziyarət edən Türkiyənin mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoy deyib.

Qeyd edib ki, şəbəkəni üzə çıxarmaq üçün təxminən 3 min tona yaxın torpaq və tikinti tullantıları çıxarılıb.

Bu iş Nazirliyin Türkiyə tarixində ən böyük bərpa adlandırdığı layihənin bir hissəsidir. Təmizləmə zamanı əvvəllər araşdırılmamış məkanlar və Ayasofyanın hazırkı binasından əvvəlki memarlıq təbəqələri aşkar edilib.

Ersoyun sözlərinə görə, torpaq və tullantıların təmizlənməsi abidənin Vəzir Bağlarında və Qərb Bağında aparılıb. Ümumilikdə təxminən 3000 ton material çıxarılıb.

Yeraltı şəbəkənin tarixi su təchizatı və yağış suyu drenaj sistemində mühüm rol oynadığı güman edilir. Onun öyrənilməsi keçmiş dövrlərdə İstanbulun infrastrukturu haqqında yeni məlumatlar verəcək.

Əhəmiyyətli kəşflərdən biri Vəzir Bağında yeraltı dəfn quruluşu olan hipogeum olub. Burada qazıntılar başa çatdırılıb və mütəxəssislərin ilkin hesablamalarına görə, mövcud Ayasofyanın tikintisindən əvvəlki dövrə aid ola biləcək memarlıq təbəqələri aşkar edilib. Quruluşun əsas kamerası təxminən 8x8 metr ölçüdədir. Şərq və qərb istiqamətində iki kanal ondan ayrılır. Təxminən 25 metr uzunluğunda olan şərq kanalının təmizlənməsi artıq başa çatıb və qərb kanalında işlər davam edir.

Qərb Bağında tədqiqatçılar altı ayrı kamera və doqquz birləşdirilmiş tunel müəyyən ediblər. Artıq yeddi tunel yığılmış torpaqdan təmizlənib və qalan ikisində sənədləşmə işləri aparılır.

Təmizlənmiş yeraltı şəbəkənin ümumi uzunluğu 420 metrə çatıb. Ən uzun hissə olan 4 nömrəli tunel 180 metrdir. O, Ayasofyanın giriş fasadına paralel olaraq Fatih Mədrəsəsinin qarşısındakı ərazidən ziyarətçi girişinə qədər uzanır.

Tədqiqatçılar tunelin qədim Roma yoluna bağlı ola biləcəyini ehtimal edirlər, lakin onun orijinal məqsədini müəyyən etmək üçün əlavə araşdırma aparmaq lazımdır.

Bərpa qrupları həmçinin zədələnmiş tağları təmir edib və tunellərin müəyyən hissələrini paslanmayan polad dayaqlarla möhkəmləndiriblər. Struktur möhkəmləndirmə və sənədləşdirmə işləri davam edir.

Ersoy bildirib ki, bərpa işlərinin bir hissəsi olaraq mütəxəssislər yeraltı tikililərin ventilyasiya imkanlarını da qiymətləndiriblər. Texniki araşdırmalara görə, mövcud yeraltı ventilyasiya kanalı minimum tələb olunan hava mübadiləsinin yalnız 3,6%-ni təmin edir.

Nazirlik həmçinin yeraltı məkanların bir hissəsini ziyarətçilər üçün açmağı planlaşdırır.

"Ziyarətçiləri uyğun yeraltı ərazilərlə tanış edəcək bir sərgi layihəsi hazırlamaq niyyətindəyik", - deyə nazir bildirib. O, tarixi strukturun qorunmasının və ziyarətçilərin təhlükəsizliyinin əsas prioritet olaraq qalacağını vurğulayıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş