Məktubda Belçika və İrlandiyanın keçmiş Baş nazirləri də daxil olmaqla 70-ə yaxın imza toplanıb
Avropa Parlamentinin (AP) 70 nəfərlik üzvü Budapeştin Rusiya Federasiyası və Belarus da daxil olmaqla səkkiz ölkənin vətəndaşları üçün viza rejimini yüngülləşdirməyə dair qərarından sonra Avropa Komissiyasından (AK) Macarıstanın Şengen zonasından çıxarılmasını tələb edib. AYNA xəbər verir ki, bu barədə Avropanın “Politico” nəşri məlumat yayıb.
Bildirilib ki, Avropa Parlamentinin Çexiya və Litvadan olan deputatları Danuşe Nerudova və Petras Auştreviçius Macarıstanın müvafiq qərarının araşdırılması üçün təcili tədbirlər görülməsinə çağırış edərək, AK-yə məktub göndəriblər. Məktub müəlliflərinin fikrincə, bu qərar Şengen zonasının üzv ölkələrin “vətəndaşları üçün təhlükəsiz məkan” rolunu “potensial olaraq təhlükə altına sala bilər”.
Deputatlar qeyd ediblər ki, “Macarıstan hökuməti öz siyasətini dəyişməkdən imtina edərsə”, AK və bütün Aİ üzvləri “Macarların Şengen zonasındakı mövcudluğunu şübhə altına almalıdırlar”.
Təklif olunan tədbirlər arasında Macarıstan sərhədlərində nəzarətin tətbiqi və Macarıstan vizalarının tanınmaması da var.
“Politico” əlavə edib ki, məktubda Belçika və İrlandiyanın keçmiş Baş nazirləri də daxil olmaqla 70-ə yaxın imza toplanıb. Onların adları açıqlanmır.
Daha əvvəl bir sıra Avropa KİV-ləri, o cümlədən “Financial Times” yazıb ki, Macarıstan Rusiya vətəndaşları da daxil olmaqla viza rejimini yüngülləşdirməyə qərar verib. İyulun 30-da AK artıq Macarıstandan bu addımla bağlı izahat tələb edib. Avqustun 1-də Latviya Prezidenti Edqars Rinkeviçs Rusiyanın viza güzəştləri səbəbindən Macarıstanın Şengendə iştirakını məhdudlaşdırmağı tələb edib.