Avropadakı növbəti yenilik bizim məmurları “işə” sala bilər – AXI NİYƏ?!

Maraqlı

05.09.2022 - 10:17

Belə bir mənzərə ortaya çıxarsa, nələr baş verər – gəlin bu barədə düşünək

Şərq əlbəyaxa döyüş növləri ilə məşğul olan bir şəxs Şaolin monastırına gəlir və getdiyi yolda ən yüksək pilləyə nail olmaq üçün oranın şagirdi olmaq istədiyini bildirir. Ona başa salırlar ki, bu monastrda qalmaq üçün müəyyən hazırlıq kursu keçməli, sonda iri bir səbətdən suallar yazılmış bükülülərdən birini götürərək imtahan verməlisən.

Gənc adam Şaolin fəlsəfəsinə yiyələnmək üçün hər şeyə hazır olduğunu bildirir, soruşur ki, bəs bu imtahanda düşən suallara cavab vermək üçün nə qədər vaxt ayrılır. İzah edirlər ki, suala hazırsansa, o dəqiqə cavab verə bilərsən, deyilsənsə, sakit bir hücrədə istədiyin qədər fikirləşə bilərsən. Dağlara çıxan sonuncu tələbənin nə qədər fikirləşdiyini soruşanda, “14 ildir oradadır, biletinə düşən suala cavab tapa bilmir”, - cavabını alır. Kağız bükülüdə bir sual var idi – “Axı niyə?!”

Yaşadığımız dünyanın bütün pozitiv və neqativ hadisələrinə qiymət verərkən, əksər hallarda beynimizdə bir sual açıq qalır – Axı niyə?! Bu sual istənilən sahə ilə bağlı, özümüz istəsək də, istəməsək də, telekanallardan, ağıllı telefonlardan, radiolardan, reklam elanları vasitəsi ilə beynimizə yeridilən informasiya axını zamanı ortaya çıxır. Bəzən cavabını bilə-bilə əsəbimizdən, bəzən isə baş verənləri başa düşə bilməməyimizdən yaranır bu sual.

AYNA-nın oxucularının diqqətini ara-sıra ölkəmizdə və dünyada baş verən bu və ya digər hadisələrdə gözəçarpan qəribəliklərə yönəltmək üçün “Axı niyə?!” rubrikasına davam edirik.

Avropa və Amerika bizim üçün həmişə nəyinsə etalonu olub. Oradan demokratiya, inkişaf etmiş qanunlar, bahalı paltarlar, avtomobillər, ətirlər, içkilər - nə bilim, daha nələr idxal edirik. Amma, əgər geyim və texnikanı real idxal ediriksə, demokratiya və onun qanunlarını yalnız sözdə.

Bizim məmurlar üçün ABŞ və Avropa həm də ölkə daxilində benzinin, nəqliyyatın və kommunal xidmətlərin qiymətlərinin artması zamanı yaxşı əsaslandırma mövzusudur. Qiymət qalxan kimi, əvvəl əynində 5 min manatlıq kostyum olan bir məmurun hamımıza tanış ləhcə ilə “ABŞ-da benzinin qiyməti 5 dollardır” kimi cəfəngiyyat danışmasını azmı eşitmişik?

Elə indi də həmin o 5-6 min manatlıq kostyumdakı şəxslər (düzdür, bu dəfə Azərbaycan dilinin “Kembric ləhcəsində”) “Niderlandda nəqliyyatın qiyməti 5 avrodur” tipli “əsaslandır-arqument” səsləndirirlər. Amma nə əvvəlkilərin, nə də indikilərin ağlına gəlir ki, elə həmin ABŞ-da və ya Niderlandda orta aylıq maaşın nə qədər olması barədə də danışsın, bu amili də müqayisə etsin. Əslində, ağıllarına gəlir ee, amma, sərf eləmir.

Elə qanunlarla da belədir. İnsafən deyək ki, qanunlarımızı Avropa standartlarına uyğunlaşdırmışıq, amma beynimizin içini və qanunun icraatını heç cür bu standartlara uyğunlaşdıra bilmirik. Daha doğrusu, bilirik, sadəcə, sərf eləmir. Elə ona görə də Avropa bizdə bir müsbət məqam tapan kimi, bütün “AzTV-ləşmiş” telekanallarımız fəxrlə, “görürsünüz, bizim etdiyimizi Avropa da misal gətirir” məzmunlu sicilləmə reportajlar verirlər.

Di gəl ki, məsələn, mətbuat azadlığı və ya hansısa seçki söhbətinə tənqid gəldisə, oluruq həmin Avropaya düşmən: “gözləri götürmür”, “lobbinin sifarişidir”, “qərəzlidirlər” frazaları ətrafında qurulan onlarla yazılar, bəyanatlar verilir - əvvəlinə qulaq asmağa başlayıb, sonuna gələndə əvvəlini yaddan çıxardığımız qəliz-qəliz cümlələr quran jurnalistlərin “hiddəti” fontan verir.

İndi həmin bu Avropa elə bir yeniliyə imza atır ki, bizim məmurların onu sevməməyə daha bir əsası yaranacaq. Düzdür, bunu bəlkə də, açıq deməzlər, amma, hər halda...

Fransada indi süni intellekt vasitəsilə, qeyri-qanuni (vergidən gizlədilmiş) hovuzları  müəyyən etmək üçün peyk şəkilləri təhlil edilir. Yerli vergi orqanları ötən ildən bu üsuldan istifadə edir ki, bu da onlara indiyədək doqquz departamentdə 20 mindən çox belə hovuz aşkar etməyə imkan verib.

Dövlət Maliyyə Baş İdarəsinin Kadastr şöbəsinin müdiri Marina Feyc vəziyyəti belə izah edir:

“Bu peyk şəkli evin yanında üzgüçülük hovuzunu göstərir. Amma kadastr məlumatları ilə müqayisə etsək, məlum olur ki, bu hövzə haqqında məlumat yoxdur. Bu şəkildə toplanan 20 minə yaxın açıqlanmayan hovuz xəzinəni 10 milyon avro ilə dolduracaq”.

“Google” ilə əməkdaşlıqda hazırlanmış metodun bütün Fransada tətbiq ediləcəyi gözlənilir. Bəzi hesablamalara görə, bu, vergi yığımlarını ümumilikdə 40 milyon avro artıracaq.

Yayda ölkə istiləşir və öz sahəsində hovuz əldə etmək istəyənlərin sayı nəzərəçarpacaq dərəcədə artıb, halbuki onların hamısı bir sıra səbəblərə görə bu barədə vergi orqanlarına məlumat verməyib. Bu arada hovuzun olması mənzilin qiymətini artırır ki, bu da öz növbəsində əmlak vergisi və bələdiyyə yığımlarının məbləğində özünü göstərir.

Gələcəkdə, gözlənildiyi kimi, peyk metodlarından istifadə və yeni texnologiyaların inkişafı sayəsində bəyan edilməmiş yardımçı tikililər, eyvanlar, bağ talvarları və digər yardımçı tikililər vergi xidmətinin nəzərlərindən heç cür yayınmayacaq.

Təsəvvür edirsiniz də, fransızların bu nou-hausu Azərbaycanda tətbiq edilməyə başlanılsa, nə olacaq? “SSRİ-də seks yoxdur” məntiqinə uyğun olaraq,  bizdə də rəsmi şəkildə oliqarx və milyonçular yoxdur. Məlumdur ki, o bahalı villalar, hovuzlar, şadlıq evləri, torpaq sahələri mütləq hansısa məmura və ya onun qohum-əqrabasına məxsusdur. Qohum olmasa belə, ölkədə hansısa yüksək çinli məmurun “krışası” olmadan, iri bir obyektin işləməsini, mülkün olmasını iddia etmək, Gömrük Komitəsinin keçmiş sədri Səfər Mehdiyevin “bizim qurduğumuz yaşıl sistemə görə, ölkəyə gətirilən mallar tam şəffaf prosedurdan keçəcək” bəyanatına oxşayır və əlbəttə ki, gülüş doğurur.

Bizim kosmosda 2-3 peykimiz var, onsuz da və Azərbaycan rəhbərliyi istəyi olsa, bu yeni sistemi bizim peykimiz vasitəsi ilə elə özümüzdə tətbiq edə bilər. Bilirsiniz, nə qədər vergidən yayınma hallarını tapıb, büdcəyə pul gətirmək olar? Heç Mikayıl müəllimin təsəvvür belə, etmədiyi qədər. Axı bizdə hələ də məmurlar, nazirlər əmlak deklarasiyası doldurmurlar. Məcbur olub, doldursalar belə, oxusaq, görəcəyik ki, tutaq ki, uzun illər SOCAR-ın şefi işləyən Rövnəq Abdullayevin, ondan daha da əvvəl ölkənin “boz kardinalı” olan Ramiz Mehdiyevin, fövqəladə hallar naziri Kəmaləddin Heydərovun (siyahını istədiyiniz qədər uzada və vəzifəyə gələn yeni məmurlardan da əlavələr edə bilərsiniz) cəmi-cümlətani bir-iki “xruşovka” evi və köhnə “Mersedes”i var imiş...

(Qeyri-ixtiyari dilimizdən tökülməyə çalışan “ay yazıq!” ifadəsini sıxıb saxlamağa təpər lazımdır).

Odur ki, bizim məmurlar Avropanı və Qərbi sevməməkdə, özlərinə görə, haqlıdırlar. Əgər bir sistem ki, onların, necə deyərlər, “səhər bolşevik, gecə menşevik” olduğunu üzə çıxarıb, onları zibilə salacaqsa, yeniliklərlə, yeni texniki vasitələrlə hər məsələdə daha da şəffaflığa nail olmaq istəyən Avropa və Qərb sistemini niyə sevsinlər axı? Axı niyə?!

P.S. 2000-ci illərin əvvəllərində “Zerkalo” qəzetində, Avropanın hansısa qurumunun patronajı və maliyyə dəstəyi ilə Azərbaycanda qanunsuz pullarla tikilən villaların atlasının hazırlanması barədə bir xəbər getmişdi. Xəbərin içərisində həqiqət yükünün nə qədər olduğu barədə mübahisə etməyəcəyəm,amma reaksiyalar maraqlı idi. Qəzetin redaktorları deyirdilər ki, müxtəlif qurumlarda çalışanlar, onlara rəhbərlik edənlər ya özləri, ya da ortadakı tanışlar vasitəsilə redaksiyaya zəng edir və ehtiyatla “baxın görün, mənim adım orada yoxdur ki?” deyə soruşurdular...

Müəllif: Yoldaş Mircəfər