Avropada rus-ukraynalı parçalanması – Hətta hökumətlərlə cəmiyyətlər qarşı-qarşıya gəlir

Aktual

09.03.2022 - 11:11

Və ya: “Müharibəni yaşlı nəsil başlayır, gənc nəsil qurban olur”

Müşahidələr onu deməyə əsas verir ki, yaşlı və orta yaşlı nəsillə müqayisədə gənc nəsil müharibəyə qarşı daha konkret mövqedədir – müharibəni dəstəkləmir, bunu günahsız insanların ölümünə bais böyüklərin oyunu hesab edir. Amma təəssüf ki, gənclərin necə düşünməsindən asılı olmayaraq, bir anda alovlanan Ukrayna-Rusiya müharibəsi hələ də günahsız canların – uşaqların, xəstələrin əziyyətlə üz-üzə qalması, ağrı-acılar içində, bomba yağışı altında ölmələri ilə tarixə yazılır.

Bu savaşda Ukraynanın tərəfində duran, ukraynalıları Rusiyaya qarşı mübarizə əzminə görə çoxdan qalib elan edən insanlar çoxdur. Lakin məsələyə başqa prizmadan yanaşan, bu məsələdə günahsız canların qurban getməsini pisləsə də, Rusiyanın siyasətini dəstəkləyən, Ukraynanın yersiz dirəniş göstərdiyi fikrini dəstəkləyənlər də az deyil. Xalq öz fikrini, mövqeyini etirazları, yardım aksiyaları ilə göstərərkən, hökumətlər siyasi, iqtisadi addımlarla nələrsə etməyə çalışır. Hər bir halda atılan addımlar həm rusların, həm də ukraynalıların həyatına təsirsiz ötüşmür.

AYNA-da bu dəfə rusiyalı tələbələrin Avropa universitetlərindən xaric edilməsi, ruslara qarşı münasibətin mənfi yöndə dəyişməsi istiqamətində xarici ölkələrdə yaşayan həmyerlilərimizlə həmsöhbət olmuşuq.

Macarıstanda yaşayan Aydan İsmayılova:

“Hökumət Rusiyanı dəstəkləsə də, xalq arasında Ukraynaya dəstək olanlar da çoxdur: “Hazırda Macarıstanın Debrecen şəhərindəyəm. Ukraynanın Lvov şəhəri ilə sərhəddəyik. Hökumət Rusiyanı dəstəkləyir və Avropa Birliyində Rusiyaya qarşı sanksiyalara etiraz edib. Lakin Debrecen universitetində Ukrayna üçün maddi yardım yığılır. Müharibə yeni başlayanda universitet önündə Rusiyaya qarşı etiraz aksiyası keçirilmişdi. Lvovdan buraya qaçqınlar gəlir ve Budapeştə üz tuturlar. Universitetimiz onları yataqxana ilə təmin edir.

Rusiyalı tələbələrin universitetlərdən xaric edilməsi ilə bağlı Macarıstanda hansısa faktla qarşılaşmamışam. Qrup yoldaşım rusdur. Uniersitetdən xaric edilmə ilə bağlı hal yaşanmayıb. O da ölkəsinin bu addımını pisləyir. Onu qeyd edim ki, bizə universitet hər il irqçilik, ayrı-seçkiliyə qarşı olduqlarına dair elektron məktub göndərir. Ümumilikdə cəmiyyətdə də ruslara qarşı aqressiya, müharibədən sonra münasibətin pisləşdiyini müşahidə etməmişəm”.

Polşada yaşayan Ramal Məmmədov:

“Burada tanıdığın ruslar da Ukraynanın tərəfində olduqlarını deyirlər. Öncə, onu qeyd edim ki, ümumiyyıtlə, rusları sevmirəm. Düşünürəm ki, tarix hər zaman təkrarlanır. 90-cı illərdə də ermənilərin əlinə silah verib üzərimizə yollayan ruslar olub, indi Ukraynanın torpağına hücum edən də onlardır.  Burada ətrafımda ruslar var. Onlar da Ukraynanın tərəfindədirlər. Mənim və eləcə də onlar üçün önəmli olan insan faktorudur. Bu, Almaniyada da olsa, yenə də biz günahsız insanların yanında olacaqdıq. Ukraynanın apardığı siyasəti burada da dəstəkləyənlər çoxdur. Dəstək aksiyaları keçirilir, humanitar yardımlar toplanır”.

Almaniyada yaşayan Lamiyə Kərimova

“Mövcud müharibəyə yaşlı və gənc nəsil fərqli yanaşır. Tanıdığım ruslarla digər millətlərin hazırda münasibətləri qaydasındadır. Demək olar ki, heç bir dəyişiklik müşahidə etmirəm. Amma rusların özləri müharibəyə görə çox depressivdirlər. Almaniya vətəndaşları Putinə etiraz edirlər. Lakin gənclər və yaşlıların məsələyə münasibəti bir qədər fərqlidir. Gənclər Ukraynanın yanındadırlar. Yaşlılar isə NATO-nun müqavilənin şərtlərini pozduğunu və siyasi olaraq Rusiyanın haqlı olduğunu düşünürlər. Amma təbii ki, dinc əhalinin öldürülməsinə hamı qarşıdır. Rusiyaya etiraz aksiyaları keçirilir, humanitar yardımlar toplanır”.

Polşada yaşayan Şəbnəm Həsənova:

“Polşada ruslar və ukraynalılar hətta yataqxanalarda eyni otaqlarda qalırlar. Əslində deyərdim, qəribə şeylər olur - bəzi ruslar Ukraynanı dəstəkləyir, bəzi ukraynalılar isə Rusiyanı. Ukraynaya dəstək çoxdur. Müharibənin ilk günündən Ukraynaya dəstək üçün toplaşan yüzlərlə adam var idi. Ruslara qarşı münasibət çox pisdir. Ukraynanı dəstəkləyən ruslara belə, münasibət ürəkaçan deyil. Onu qeyd edim ki, polyaklar müharibədən əvvəl də ruslara qarşı aqressiv idilər. Məsələn, bir polyak rus dilini bilsə də, hansısa rusa ingiliscə başa düşməyəndə rusca nəsə izah etmirdi. Bizim universitetdə ukraynalı tələbələr üçün müxtəlif yardım aksiyaları həyata keçirilir. Rus tələbələrin universitetdən xaric edilməsi ilə bağlı faktla qarşılaşmamışam. Mənə elə gəlir, bu, olası da deyil. Hər kəsin öz mövqeyi var”.

Müəllif: Aləmdə Nəsib