Olaf Şolts: “Emmanuel və mən razılaşırıq ki, bu dəstəyi yeni əsasda vermək üçün növbəti addım indi atılmalıdır”
Qərb dövlətləri Ukraynanın müdafiəsini gücləndirmək üçün ona maliyyə resursları vermək istəyirlər. AYNA xarici mediaya istinadən bildirir ki, bu barədə Almaniya kansleri Olaf Şolts Fransa Prezidenti Emmanuel Makronla keçirdiyi mətbuat konfransında deyib.
Şoltsun sözlərinə görə, Avropa İttifaqı və G7 (Böyük yeddilik) ölkələri son iki ildə Ukraynaya külli miqdarda yardım edib.
"Emmanuel və mən razılaşırıq ki, bu dəstəyi yeni əsasda vermək üçün növbəti addım indi atılmalıdır", deyə kansler bildirib.
Almaniya lideri xatırladıb ki, Aİ dondurulmuş Rusiya aktivlərinin yenidən investisiyasından əldə edilən gəlirin Ukraynanın maraqları üçün istifadə edilməsi imkanlarını müzakirə edir.
“Biz Ukraynaya milyardlarla məbləğdə əlavə maliyyə resurslarına çıxış imkanı vermək istəyirik ki, o, öz təhlükəsizliyini təmin etsin və bütün Avropanın təhlükəsizliyini gücləndirsin. Biz azad, demokratik və suveren Ukraynaya dəstəyimizi ifadə edən birgə davamlı həll yolu hazırlamaq üçün yaxın həftələrdə məsləhətləşmələr keçirəcəyik”, - Şolts bildirib.