Qərara əsasən, güzəştli ticarət rejimi 2025-ci il iyunun 5-dək davam edəcək
Avropa Parlamenti Ukrayna və Moldova ilə rüsumsuz ticarət rejimini daha bir il uzadıb. AYNA xarici mediaya istinadən bildirir ki, martın 13-də Avropa Parlamentində Ukraynanın kənd təsərrüfatı məhsullarının Aİ-yə ixracına idxal rüsumlarının və kvotaların dayandırılmasının lehinə 347 deputat səs verib. 117 deputat əleyhinə, 99 deputat bitərəf qalıb. Bu qərara əsasən, güzəştli ticarət rejimi 2025-ci il iyunun 5-dək davam edəcək.
Qanun həmçinin yeni şərtləri ehtiva edir: Avropa Komissiyasına Ukrayna idxalı ilə əlaqədar Aİ bazarında əhəmiyyətli pozulma baş verərsə, fövqəladə tədbirlər görmək səlahiyyəti verir, o cümlədən “xüsusilə həssas” kənd təsərrüfatı məhsullarına, yəni quş əti, yumurta və şəkərə fövqəladə məhdudiyyətlər tətbiq edilir.
Qətnamədə qeyd olunur ki, bu məhsulların idxalı 2022 və 2023-cü illərin orta həcmini keçərsə, rüsumlar yenidən tətbiq ediləcək.
Avropa Parlamentinin deputatları həmçinin vurğulayıblar ki, ticarətin liberallaşdırılması üzrə tədbirlər Ukraynada demokratik prinsiplərə, insan hüquqlarına, qanunun aliliyinə hörmətdən və korrupsiya və mütəşəkkil cinayətkarlıqla mübarizədə daimi səylərdən asılıdır.
Başqa səsvermədə Avropa Parlamenti Moldovadan gələn məhsullara tətbiq edilən bütün gömrük və idxal rüsumlarının daha bir il müddətinə dayandırılmasını dəstəkləyib. Növbəti addım tənzimləmənin Aİ Şurasında təsdiqlənməsi olacaq. Qərar Aİ-nin rəsmi jurnalında dərc edildikdən sonra qüvvəyə minəcək.