Bu vəsaitin böyük hissəsi Litva ordusunda motoatıcı diviziyanın yerləşdirilməsi ilə bağlı xərclərə yönəldiləcək
Litva Avropa İttifaqının “SAFE” (Security Action for Europe) hərbi proqramı çərçivəsində Avropa Komissiyasından müdafiə layihələrinin maliyyələşdirilməsi üçün 6,3 milyard avro məbləğində kredit alacaq. AYNA.AZ xarici mediaya istinadən bildirir ki, bu barədə Avropa Komissiyasının müdafiə və kosmos məsələləri üzrə üzvü Andryus Kubilyus deyib.
“6,3 milyard avro məbləğində kreditin ayrılması təkcə Avropa sənayesi üçün deyil, həm də düşmənlərimiz üçün aşkar siqnaldır. Avropa öz gücünə və suverenliyinə ciddi yanaşır”, – deyə komissar vurğulayıb.
Bildirilib ki, bu vəsaitin böyük hissəsi Litva ordusunda motoatıcı diviziyanın yerləşdirilməsi ilə bağlı xərclərə yönəldiləcək. Tankların və tırtıllı piyadaların döyüş maşınlarının alınması, hava hücumundan müdafiə sisteminin gücləndirilməsi, pilotsuz uçuş aparatlarına qarşı mübarizə vasitələrinin əldə edilməsi üçün milyardlarla avroluq müqavilələr bağlanıb.