“Nobel Sülh Mükafatı laureatına qarşı ittihamlar yalnız onun insan hüquqları sahəsindəki fəaliyyətinə əsaslanır”
Avropa İttifaqı İran hakimiyyətini Nərgiz Məhəmmədini dərhal və qeyd-şərtsiz azad etməyə çağırıb. AYNA.AZ xarici mediaya istinadən bildirir ki, Avropa Xarici Fəaliyyət Xidmətinin yaydığı məlumata görə, “Nobel Sülh Mükafatı laureatına qarşı ittihamlar yalnız onun insan hüquqları sahəsindəki fəaliyyətinə əsaslanır”.
Qeyd edilib ki, "insan hüquqları müdafiəçiləri həbs və ya təqib qorxusu olmadan fikirlərini ifadə edə və qanuni fəaliyyətlərini həyata keçirə bilməlidirlər".
Aİ xatırladır ki, Tehran Mülki və Siyasi Hüquqlar haqqında Beynəlxalq Pakt da daxil olmaqla, beynəlxalq insan hüquqları qanunvericiliyi üzrə öhdəliklərə malikdir. Buna görə də ölkə hakimiyyəti ifadə, birləşmə və dinc toplaşma azadlığına hörmət etməyə borcludur.
Qeyd edək ki, N.Məhəmmədi İranda İnsan Hüquqları Müdafiəçiləri Mərkəzinin vitse-prezidentidir. Son 20 ildə hakimiyyət onu müxalifət baxışlarına, jurnalistliyinə və insan hüquqları sahəsindəki fəaliyyətinə görə dəfələrlə həbs edib.
2023-cü ildə o İranda qadınlara qarşı zülmə qarşı mübarizə və hamı üçün insan hüquqları və azadlıqlarının təşviqi səylərinə görə Nobel Sülh Mükafatına layiq görülüb. Bu ilin 8 fevralında İran hakimiyyəti onu 7,5 il həbs cəzasına məhkum edib.