Bakıətrafı ərazilərdə arabir yağış yağacağı proqnozlaşdırılır
Azərbaycanda avqustun 1-nə gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən AYNA-ya verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Lakin iyulun 31-dən avqustun 1-nə keçən gecə şəhərətrafı bəzi ərazilərdə arabir yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Arabir güclənən şimal-qərb küləyi əsəcək, gündüz şimal-şərq küləyi ilə əvəzlənəcək. Gecə 21-26°, gündüz 27-32° isti olacağı ehtimal edilir. Atmosfer təzyiqi 753 millimetr civə sütunu, nisbi rütubət gecə 70-80, gündüz 50-55 faiz təşkil edəcək.
Rayonlarda havanın əsasən yağmursuz keçəcəyi, lakin gündüzdən bəzi dağlıq və dağətəyi rayonlarda arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə qısamüddətli leysan xarakterli olacağı, dolu düşəcəyi proqnozlaşdırılır. Şərq küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Gecə 17-22°, gündüz 30-35° isti, dağlarda gecə 10-15°, gündüz 17-22° isti olacağı bildirilir.