Astarada ictimai nəqliyyatda reyd keçirilib

Xəbərlər

18.03.2021 - 17:56

Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən nəzarət-profilaktiki tədbirlər gücləndirilib

 

Astarada ictimai nəqliyyatda pandemiya qaydalarına nəzarət məqsədilə reyd təşkil olunub. Bu barədə AYNA-ya Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Lənkəran regional qrupundan bildirilib.

 

Qeyd edilib ki, bayram günləri ərəfəsində ictimai nəqliyyatda sərnişin sayının artması ilə əlaqədar olaraq karantin qaydalarına riayət olunmasını təmin etmək məqsədilə Astarada Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən nəzarət-profilaktiki tədbirlər gücləndirilib.

 

Bu məqsədlə Astara Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən ictimai nəqliyyat vasitələrində pandemiya qaydalarının pozulması hallarına qarşı tədbirlər davam etdirilir. Astara Rayon İcra Hakimiyyətinin əməkdaşları ilə birgə təşkil olunan növbəti reyd zamanı sürücü və sərnişinlərin tibbi maskalardan istifadə etməsi, sərnişin sayının qaydalar çərçivəsində olması yoxlanılıb. Normadan artıq sərnişin daşınması halları aşkarlandıqda sürücülərə bir daha xəbərdarlıq edilib və bu halın yoluxma riskini artırdığı bildirilib. Tibbi maskadan düzgün şəkildə, yəni tənəffüs yollarını tam örtəcək formada istifadə edilməsi ilə bağlı bir daha sürücü və sərnişinlərə xəbərdarlıq edilib.

 

Yol polisi əməkdaşları tərəfindən sürücülərə tibbi maska və spirt paylanıb. Bu istiqamətdə tədbirlər mütəmadi olaraq davam etdiriləcək.

Müəllif: Ayna.az