Artıq bir-birimizin xeyrinə-şərinə yaraya bilmirik – <font color=red> KARANTİN DALANI</font>

Cəmiyyət

08.08.2020 - 06:31

“Müəyyən qaydalar tətbiq edilməklə, mərasimlərin keçirilməsinə icazə verilməsi daha məqsədə uyğundur”

 

İnsanları bir yerə toplaşmağa sövq edən amil paylaşmaq arzusudur. Necə deyərlər, dərd paylaşınca azalar, sevinc isə çoxalar. Elimizin toy, yas adətləri də mahiyyət etibarı ilə bu fikri ehtiva edir. Birisinin yası düşsə, qohum-qonşusu dərdinə şərik olmaq üçün toplaşar, iki kəlmə söhbət edib yasda olan ailəni təsəlli edər, hərə bir tərəfdən görüləcək zəruri işlərə əl atar və bir də görər ki, quş kimi yüngülləşib, həyat əvvəlki kimi öz axarında davam edir.

 

Bu, təkcə kədərli günlərə xas deyil. Xoş günündə də səni sayıb hörmət edən, sevən hər kəs yanında olmağa can atar, sevincinə şərik olar. Elimizin adəti var: bir şən məclis qurulsa, yaşlı-cavan qollarını çırmayıb hərəsi bir işdən yapışar, deyib-gülə həvəs göstərər. Beləcə bir sevinc min olar, bütün elə işıq salar.

 

COVID-19 virusu ilə mübarizə istiqamətində görülən qapaqlayıcı tədbirlər səbəbi ilə bu kimi adət-ənənələrdən, bir növ həyat tərzindən imtina etmək məcburiyyətində qalmışıq. Artıq 6-cı aydır ki, məclislərin keçirilməsi qadağan edilib. Görünən isə odur ki, hər kəs “Bir yerə toplaşmaq olmaz!” qadağasına riayət etməkdə eyni səviyyədə səy göstərmir. Bunu deməyə tez-tez yas, toy məclisi təşkil etdiyinə görə cərimələnənlərlə bağlı eşitdiyimiz xəbərlər əsas verir. Ekspertlərlə mövcud reallığa nəzər yetirmişik.

 

AYNA-ya danışan sosioloq Zamina Səfərova deyir ki, vaxtında mərasimlərlə bağlı dəyişikliklər edilib, qaydalar qoyulmalıydı: “Cəmiyyətimizdə qoyulan qadağalara reaksiya bəzi milli adət-ənənələrimizə bağlılıqdan qaynaqlanır. Bəli, əlbəttə, milli-mənəvi dəyərlərimizi və adət-ənənələrimizi qorumalıyıq, lakin virus yayılan dövrdə bəzi ənənələrimiz var ki, biz bir müddət onlardan uzaqlaşmalıyıq. Əgər bizim dövlətimiz və dini qurumlarımız toy-yas mərasimlərinə vaxtında dəyişikliklər edib, qaydalar qoysaydı, bu gün əhali belə vəziyyətdə qalmazdı”.

“Əlbəttə, indi də gec deyil. Çox yaxşı olardı ki, bu məsələ ilə bağlı yeni qərarlar qəbul edilsin. Əgər qəti surətdə ciddi qaydalar qoyularsa, insanlar artıq bu qaydalara məcburi əməl edərlər. Camaatın qınağından utanan bəzi insanlar var ki, hələ də borc-xərclə də olsa, valideyninin və yaxud yaxınının yasını layiqli vermək düşüncəsindədir. Çünki onlar camaatın qınağından utanırlar. Yaxud da toy mərasimlərində bir zala ən azı 300-400 nəfəri toplayıb toy etmək istəyində olurlar. İndiki şəraitdə bütün bu adət-ənənələrin yalnız dövlət tərəfindən qoyulan qaydalarla qarşısını almaq mümkündür. Aydındır ki, bir çoxumuza pandemiya mənəvi olduğu qədər, maddi zərər də vurdu. Təbii ki, çətin vəziyyətdir, bütün dünya hazırda bu vəziyyətdədir. Belə bir çətin dövrdə toy və yas mərasimləri üçün doğru-düzgün qaydalar tətbiq edilərsə, həm ailələri qınaqdan qurtarmış, həm də artıq israfçılığın qarşısını almış olarıq”, - həmsöhbətimiz bildirir.

 

Onun sözlərinə görə, “koronavirusa qarşı mübarizə” dedikdə ən əsas məsələ kütləviliyin qarşısının alınmasıdır: “İnsanların daha çox bir yerə toplaşdığı və virusun yayılması üçün olduqca təhlükəli olan yerlərdən biri yas-toy mərasimləridir. Bu, ona görə təhlükəlidir ki, çoxdan bir-biri ilə görüşməyən qohum-əqrəba, dost-tanış bu cür məclislərdə görüşür, qucaqlaşır, öpüşür. Əgər xəstə sayımız azalıbsa, bu, o demək deyil ki, biz artıq kütləvi toplaşa bilərik. Nəzərə almalıyıq ki, bu, uzun müddət sərtləşdirilmiş karantin rejimində yaşamağımızın nəticəsidir. Odur ki, biz bir nəfər kimi hamılıqla sərtləşdirilmiş karantin rejimindən mərhələli şəkildə çıxmaqla bağlı qərarlara riayət etməliyik”.

 

Sosioloq qeyd edir ki, qoyulan qanun-qaydalar kimliyindən, vəzifəsindən asılı olmayaraq bütün Azərbaycan vətəndaşları üçün eyni olmalıdır: “Əgər rayona avtomobillə gedənlər 20-30 manat verib keçirlərsə, kimlərsə, toyunu-yasını gizlin edirsə, o zaman biz hansı nizam-intizamdan danışaq?! Ona görə də ilk növbədə səlahiyyətli orqanların ciddi nəzarət mexanizmləri olmalıdır. Əvvəl özləri vicdanla qaydalara əməl etməyi öyrənib, sonra da öyrətməlidirlər. Bu virus çox insanlara yenidən mədəniyyət məktəbini keçməyi məcburən öyrədəcək”.

 

“Qarşımızdakı insanın sağlamlıq hüququnu tapdamamaq da mədəniyyətdir. İnsanlar bu təhlükəni nə zaman anlayacaqlar, bilmirəm. Xəstəxanalar dolub-daşandamı, hər kəsin bir yaxını öləndəmi?! Artıq tanıdığımız insanlar ölür. Baxın, gün gələcək, bəsit bir əməliyyat üçün xəstəxanaya gedəcəyik, o xəstəxana koronoviruslu xəstə ilə dolu olduğu üçün, biz və ya yaxınlarımız əməliyyat oluna bilməyib, öləcəyik. Hazırda virusun yayılma dinamikası azalan istiqamətdə gedir. Bunun bir səbəbi də qoyulan qaydalara düzgün riayət olunmasıdır. Qaydalara birlikdə əməl etməli, bu pandemiyaya qalib gəlməliyik”, - Z.Səfərova vurğulayır.

Psixoloq Vüsalə Əmiraslanova isə AYNA-ya şərhində, uzunmüddətli qadağaların insanları çox sıxdığına diqqət çəkir: “Uzunmüddətli qadağaların olması insanları çox sıxır. İnsanlar keçirməli olduqları mərasimləri gecikdirirlər. Lakin karantinin naməlum vaxta qədər uzadılması onlarda sıxıntı yaratdığına görə, gizlin də olsa, bunu həyata keçirməyə çalışırlar”.

 

“Bu, qaydaları pozmaq istəyi deyil, sadəcə hər bir insanın yas, toy mərasimi olur. Hər kəsin yaxını, övladı var ki, toyunu, xeyir işini görmək istəyir. Prosesin naməlum vaxta qədər uzanması isə onları səbirsizləşdirir. Düşünür ki, bu, nə vaxta qədər uzanacaq? Ən azından, kiçik də olsa, bir məclis qurmaq istəyirlər. Düşünürlər ki, “bir mən etsəm, heç nə olmaz”. Düzdür, birində üstü açılmır, amma digəri edir, üstü açılır və cərimələnirlər”, - müsahibimiz deyir.

 

“Mənə elə gəlir ki, müəyyən qaydalar tətbiq edilməklə, mərasimlərin keçirilməsinə icazə verilməsi daha məqsədə uyğundur. Tamamilə icazənin olmaması insanları yorur. Onları belə davranmağa vadar edən budur. Bağlı qapı hamıya maraqlı olur”, - V.Əmiraslanova əlavə edir.

Müəllif: Aləmdə Nəsib