AQTA 310 müəssisədə reyd keçirib

Xəbərlər

26.06.2020 - 17:58

Qaydalara əməl olunmayan 109 müəssisə barədə inzibati tədbirlər görülüb

 

Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş koronavirusun (COVID-19) profilaktikasına dair metodiki göstərişlərin icrasına nəzarət məqsədi ilə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları (AQTA) tərəfindən 25 iyunda Bakıda, eləcə də regionlarda fəaliyyət göstərən 82 ictimai iaşə obyekti, 228 ərzaq satışı mağazası olmaqla ümumilikdə 310 müəssisədə reyd keçirilib. Qurumdan AYNA-ya bildirilib ki, sahibkarlıq subyektlərinə qida təhlükəsizliyi sahəsində qanunvericiliyin tələbləri izah edilib, icrası məcburi göstərişlər və maarifləndirici tövsiyələr verilib.

 

Məlumatda vurğulanır ki, reyd keçirilən obyektlərdən 109-da Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş metodiki göstərişlərin tələblərindən irəli gələn bir sıra qaydalara əməl olunmaması və kobud şəkildə pozulması faktları aşkarlanıb. Aşkarlanmış faktlarla bağlı həmin müəssisələr barədə qanunvericiliyin tələbləri çərçivəsində inzibati tədbirlər görülüb.

 

Qeyd edək ki, AQTA Bakıda, eləcə də regionlarda fəaliyyət göstərən ictimai iaşə obyektləri və ərzaq mağazalarında yoxlama-nəzarət tədbirlərini bundan sonra da davam etdirəcək və Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş metodiki göstərişlərə əməl etməyən sahibkarlıq subyektləri barədə ən sərt tədbirlər görüləcək.

Müəllif: Ayna.az