Ankara Qarabağı da unutmur

Siyasət

02.03.2020 - 15:23

Həkimlər Klinikalar SEO Xidməti

Türkiyənin Dağlıq Qarabağ münaqişəsinin həllində fəallığına mane olan tək böyük ölkə Rusiyadır

 

ATƏT-in Minsk Qrupunun həmsədrləri İqor Popov (Rusiya), Stefan Viskonti (Fransa), Endryu Şefer (ABŞ) və ATƏT sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik Türkiyəyə səfər ediblər. Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu həmsədrlərlə və A. Kaspşiklə görüşüb.

 

Ayrı vaxt olsaydı bu xəbər o qədər də diqqəti cəlb etməzdi. Həmsədrlər əvvəllər də Türkiyədə rəsmilərlə görüşüblər. Dağliq Qarabağ münaqişəsini həll etməli olan beynəlxalq vasitəçilərin Türkiyəyə indiki səfərləri isə Ankara ilə Əsəd rejimi arasındakı müharibəyə və Ankara ilə Moskva arasındakı münasibətlərin gərginləşdiyi dövrə təsadüf edib. Mümkündür ki, görüş haqqında razılaşma İdlib ətrafındakı hadisələrdən çox əvvəl razılaşdırılıb. Ancaq başqa bir ehimal da irəli sürə bilərik ki, görüşün bu ərəfədə keçirilməsinin təşəbbüskarı Ankara olub.

 

Türkiyənin Suriyada həyata keçirdiyi uğurlu hərbi əməliyyat bu ölkənin bölgədə rolunu və çəkisini artırıb. Ancaq Türkiyə bununla kifayətlənmək istəmir, Ankara son zamanlar strateji müttəfiqlərinin və tərəfdaşlarının çağırışlarına səssiz qalmır, dəstək verir. Məsələn, Türkiyə Liviyadakı müttəfiqi – mərkəzi hakimiyyətin rəhbəri Sərracın köməyinə çatdı, Tripoliyə silahlı qüvvələrini göndərdi.

 

Azərbaycan Liviyadan da Türkiyəyə yaxın müttəfiqdir. Türkiyə Cumhurbaqşanı Rəcəb Təyyib Ərdoğan Azərbaycana səfəri zamanı bunu bir daha səsləndirdi və xüsusilə vurğuladı ki, Dağlıq Qarabağ probleminin həllində rəsmi Bakının yanındadır. Türkiyənin Dağlıq Qarabağ münaqişəsinin həllində fəallığına mane olan tək böyük ölkə Rusiyadır. Təsadüfi deyil ki, Ərdoğan Putinlə görüşdə bir neçə dəfə Qarabağ probleminin həlli vacibliyini qaldırıb, Kreml sahibinin cavabı isə bu olub ki, “bu, çox mürəkkəb məsələdir”. Bununla Putin faktiki demək istəyib ki, Ankara bu məsələdən uzaq dayansın.

 

Ankara Kremlin bu “məsləhətini” bir mərhələyə qədər nəzərə alırdı və məsələyə qarışmırdı. Ancaq indiki məqamda Rusiya onsuz da Türkiyə ilə tərəfdaşlığa sadiq deyil, razılaşmaları pozur, üstəlik, Suriya üzərindən gəlib Türkiyəyə sərhəd olub. Türkiyənin də Cənubi Qafqaz üzərindən Rusiyaya sərhəd olmaq hüququ var. Təsadüfi deyil ki, Türkiyənin Xarici İşlər naziri, “ATƏT-in Minsk qrupu Dağlıq Qarambağ münaqişəsinin həlli istiqamətində daha aktiv fəaliyyət göstərməlidir” fikrini səsləndirib. Nazir vurğulayıb ki, münaqişə Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyü və suverenliyi çərçivəsində həll edilməlidir.

 

Ankara bölgədə fəallığını artırarkən, o cümlədən Minsk Qrupu həmsədrlərini ayağına çağırarkən, rəsmi Bakının da qarşılıqlı surətdə müttəfiqi istiqamətində fəallaşmasına ehtiyac var. Məsələn, Azərbaycan Xarici İşlər Nazirliyinin də, “Türkiyənin Dağlıq Qarabağ münaqişəsinin həllində fəallaşmasını arzulayırıq, bu bölgədə sülhün və əmin-amanlıq yaradılması üçün vacib şərtlərdən biridir” - məzmunlu bəyanat yayması yerinə düşər.

Müəllif: “Atlas” Araşdırmalar Mərkəzi