Amerika səfiri Ərdoğanı niyə qəzəbləndirdi: “Sən indi hansı üzlə...”

Siyasət

03.04.2023 - 18:57

Deputat: “ABŞ Ərdoğanı deyil, digər namizədi dəstəklədiyini nümayiş etdirməyə çalışır”

Politoloq: “Kılıcdaroğlu qələbə doğru inamla addımlayır və bu, AKP iqtidarını narahat edir”

ABŞ-ın Türkiyədəki səfiri Ceff Fleyk “Millət İttifaqı”nın prezidentliyə namizədi, CHP sədri Kamal Kılıçdaroğlunu ziyarət edib. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ səfirinin Kılıçdaroğlunu ziyarət etməsinə sərt reaksiya verib. Bağçılarda açılış mərasimində çıxış edən Ərdoğan bildirib ki, bundan sonra qapıları sözügedən səfirin üzünə bağlıdır.

“Bayden oradan danışır, onun buradakı səfiri nə edir? Gedib bay-bay Kamalı ziyarət edir. Amerikaya dərs vermək lazımdır. Ayıbdır, bir az ağlını işlət. Sən səfirsən. Buradakı həmsöhbətin Prezidentdir. Səfir kimi vəzifə borcunu biləcəksən. Həddini bil. Bundan sonra hansı üzlə Prezidentlə görüş istəyəcəksən?”, - deyən Ərdoğan mayın 14-də keçiriləcək prezident seçkilərində ABŞ-a dərs vermək lazım olduğunu vurğulayıb.

Qeyd edək ki, mayın 14-də Türkiyədə növbəti prezident və parlament seçkiləri keçiriləcək. Hakim “Cümhur İttifaqı” Prezident Rəcəb Tayyib Ərdoğanın, 6 aparıcı müxalifət partiyasının təmsil olunduğu “Millət İttifaqı” Kamal Kılıçdaroğlunun prezidentliyə namizədliyini irəli sürüb. Bundan əlavə Məmləkət Partiyasını təmsil edən Muharrem İnce, Vətən Partiyasının sədri Doğu Perinçek, Rifah Partiyasının sədri Fatih Ərbakan, Zəfər, Ölkəm və Türkiyə İttifaq partiyalarının dəstəklədiyi Sinan Oğan, Ədalət Birliyi Partiyasının sədri İrfan Uzun, Ünver Kırıkkale Universitetinin professoru Halil Murat Ünver də seçki marafonuna qatılıb. Əsas rəqabətin isə Prezident Rəcəb Tayyib Ərdoğan və “Altılı Masa”nın irəli sürdüyü namizəd Kamal Kılıcdaroğlu arasında gedəcəyi gözlənilir.

İddialara görə, seçkilər yaxınlaşdıqca daxili siyasi mübarizə qızışmaqla yanaşı, Türkiyəyə xarici təzyiqlər də artacaq. ABŞ səfrinin “Altılı Masa”nın namizədini ziyarət etməsi, Prezident Ərdoğanın isə buna sərt reaksiya verməsi okeanın o tayından da Türkiyədəki seçkilərin diqqətlə izlənildiyini söyləməyə əsas verir.

Xarici təsirlər Türkiyədəki seçkilərin nəticələrinə təsir göstərə bilərmi? ABŞ və müttəfiqləri, doğrudanmı, Ərdoğanın məğlubiyyəti üçün ciddi cəhdlə çalışır?

Azərbaycan Milli Məclisinin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü, Azərbaycan Demokratik İslahatlar Partiyasının (ADİP) sədri Asim Mollazadə AYNA-ya açıqlamasında deyib ki, ABŞ-ın Türkiyədəki seçkilərə real təsir imkanları yoxdur: “ABŞ-ın Ankaradakı səfiri Ceff Fleykin prezidentliyə namizəd Kamal Kılıçdaroğlunu ziyarət etməsi beynəlxalq hüquq normalarına və diplomatik qaydalara ziddir. Diplomatik korpusların vəzifəsi iki ölkə arasında münasibətlərin inkişafına töhfə vermək, əlaqələri tənzimləməkdir. Səfirliklər yalnız hökumət rəsmiləri ilə danışıqlar apara və qərarlar verə bilərlər. Bu mənada Prezident Ərdoğanın ABŞ səfirinin son addımını şərh edən açıqlaması tamamilə əsaslıdır”.

“ABŞ Türkiyədəki seçkilərə təsir etmək iqtidarında deyil. Türkiyə demokratik ölkədir və seçkilərin taleyinə Türkiyə seçiciləri qərar verəcək. Sadəcə bu cür diplomatik gedişlərlə Türkiyə müxalifətinə dəstək verdiklərini nümayiş etdirməyə çalışırlar”, - deyə deputat söyləyib.

Mollazadənin sözlərinə görə, ABŞ-ın Ərdoğanın deyil, digər namizədlərin qələbə qazanmasında maraqlı olması bir sıra səbəblərdən qaynaqlanır: “Birinci səbəb odur ki, Türkiyə milli maraqlara söykənən müstəqil siyasət yürüdür. Yəni, heç bir dövlətin diqtəsi ilə oturub-durmur. Ələlxüsus da, Türkiyənin Rusiyaya qarşı sanksiyalara qoşulmaması, beynəlxalq münasibətlər sistemindəki gərginlikdə tərəf olmaması ABŞ və müttəfiqlərini qıcıqlandırır. Onlar regionda yeni güc mərkəzinin formalaşması ilə barışmaq istəmirlər. Bu səbəbdən Ərdoğan iqtidarına qarşı çeşidli təzyiq metodlarından istifadə edirlər. Türkiyə iqtidarının və parlamentinin formalaşması türk xalqının qərarıdır və heç kim buna qarışa bilməz. İnanıram ki, seçkilərdən sonra da Türkiyə müstəqil, milli maraqlara söykənən siyasətini davam etdirəcək”.

Politoloq Şahin Cəfərli isə fərqli düşünür. Onun AYNA-ya dediyinə görə, Türkiyədəki növbəti seçkilər gərgin rəqabət şəraitində keçiriləcək: “Bundan öncəki seçkilərdə Ərdoğan və komandası rahatlıqla qələbəsini təmin edə bilirdisə, bu dəfə belə olmayacaq. “Millət İttifaq”nın prezidentliyə namizədi Kamal Kılıcdaroğlunun seçkilərin birinci turunda qalib  gəlmək şansı var. İkinci tura Ərdoğanla Kılıcdaroğlu qalsa, bu halda da ikincinin qələbəsi daha realdır. Müxalifətin qalib gəlmək şansı çox yüksəkdir”.

“Sadəcə bir məsələ var ki, əsas diqqət prezident seçkilərinə yönəlib. Türkiyədə həm də parlament seçkiləri keçiriləcək. Əgər parlamentdə hakim “Cümhur İttifaqı” üstünlük qazansa, Prezident isə müxalifət düşərgəsindən olarsa, bu halda ölkədə siyasi sabitliyin pozulması ehtimalı var. Açıq şəkildə söyləmək olar ki, Kılıcdaroğlu qələbəyə doğru inamla addımlayır. Bu isə öz növbəsində AKP iqtidarını narahat edir. Məhz elə bu səbəbdən də Ərdoğan sərt bəyanatlar səsləndirir. Onun son bəyanatı da bu qəbildəndir”, - deyə Cəfərli fikrini yekunlaşdırıb.

Müəllif: Azər Niftiyev