“YAP-ın qərarına qarşı çıxanların barəsində tədbir görüləcək”

Siyasət

11.12.2019 - 16:01

Aydın Mirzəzadə: “Biz gəncləşmənin tərəfdarıyıq, amma bu, o demək deyil ki, bizim deputat korpusumuz ancaq gənclərdən ibarət olacaq”

 

2020-ci il fevral ayının 9-da ölkədə növbədənkənar parlament seçkiləri keçiriləcək. Bəzi siyasi partiyalar VI çağırış parlament seçkilərinə hazırlaşmağa başlayıb. O cümlədən hakim Yeni Azərbaycan Partiyası.

 

Partiya İcra Katibliyinin Siyasi təhlil və proqnozlaşdırma şöbəsinin müdiri Aydın Mirzəzadə mövzu ətrafında AYNA əməkdaşının suallarını cavablandırıb:

 

- Aydın müəllim, üzvü olduğunuz Yeni Azərbaycan Partiyası növbədənkənar parlament seçkilərində iştirak edəcəyini açıqlayıb. YAP budəfəki seçkilərə hansı yeniliklərlə gedir?

 

- Yeni Azərbaycan Partiyası seçkilərin mahiyyətindən asılı olmayaraq, partiya daxilində seçkilərə həmişə ciddi hazırlıq işləri həyata keçirib. Belə ki, biz gözlənilən seçkidə komissiyalarda təmsil olunacaq nümayəndələrimizi dəqiqləşdirir, təbliğatçı və müşahidəçilərimizi prosesə hazırlayır, seçki məcəlləsi üzrə daxili kurslar təşkil edirik. Bundan əlavə, üzvlərimizin ideoloji hazırlıq məsələsinə də diqqət yetiririk. Yəni prinsipcə növbədənkənar parlament seçkiləri YAP üçün heç də gözlənilməz olmadı. Sadəcə olaraq noyabr ayı üçün hazır olan planlarımızı fevral ayı ərəfəsində həyata keçirəcəyik. Hal-hazırda namizədlər siyahısı üzərində iş bölgüsü aparılır. Müəyyən dövrdən sonra onların adları açıqlanacaq. Seçki məcələssinin tələblərinə uyğun olaraq namizədlərimiz, komissiya üzvlərimiz, müşahidəçilərimiz, eyni zamanda təbliğat dövründə fəaliyyət göstərəcək təbliğatçılarımız artıq hazırdırlar. Hesab edirik ki, təbliğatımızı yüksək şəkildə apara biləcəyik.

Mərahim Nəsib