Artıq Şuranın tərkibi təsdiq edilib
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Direktorlar Şurası yaradılacaq. AYNA xəbər verir ki, bu barədə AMEA-nın prezidenti akademik İsa Həbibbəyli Rəyasət Heyətinin iclasında çıxış edərkən deyib.
O bildirib ki, akademiyada idarəetmənin və aparılan islahatların çevikliyinin artırılması, elmi müəssisələr üçün aktual olan məsələlərin geniş müzakirəsi və konsensusun əldə olunması, meydana çıxan problemlərin səmərəli həlli yollarının axtarılması məqsədilə AMEA-nın Direktorlar Şurasının yaradılması zərurəti yaranıb.
İsa Həbibbəyli yaradılacaq şuranın AMEA-nın elmi müəssisələri arasında qarşılıqlı əlaqələrin yaradılmasına, təcrübə mübadiləsinin aparılmasına, əmək intizamı ilə bağlı məsələlərin müzakirəsinə, eləcə də birgə elmi və elmi-texniki tədbirlərin təşkilinə xidmət edəcəyini bildirib.
Tədbirdə AMEA Rəyasət Heyətinin qərarı ilə Akademiyanın Direktorları Şurası yaradılıb və Şuranın tərkibi təsdiq edilib.