Allahlıq etməyi Allaha buraxaq - Bir faciəyə sözardı

Cəmiyyət

06.04.2022 - 20:54

Bu sahədə tayımız-bərabərimiz yoxdur və bəlkə də, dünyada yeganə xalqıq ki...

Almanların həmrəylik günü və bu günü bayram etmələri barədə eşitmisiniz? Bəs fransızların və ya ingilislərin? Düzdür, belə bir gün yoxdur. Ümumiyyətlə, dünyada azərbaycanlılardan savayı hansısa xalqın xüsusi olaraq belə özəl günə malik olması faktına, yəqin ki, rast gəlinmir.

Burda da böyük bir hikmət, qanunauyğunluq var. Çünki, bəlkə də, planetdə azərbaycanlılardan savayı ən xırda məsələ ətrafında ixtilaflara girən, marginal qrupların formalaşmasına qədər gedib çıxan başqa bir toplum yoxdur. Nə deyirsiniz deyin, nəyi bəyənmirsiniz bəyənməyin, amma bu sahədə tayımız-bərabərimiz yoxdur.

Növbəti ixtilafa, çəkişməyə, hətta qarşılıqlı təhqirlərə səbəb isə aprelin 3-ü gecə saat 3 radələrində Bakıda meydana gəldi. Paytaxtın Səbail rayonu ərazisində yaşayış binasının 1-ci mərtəbəsində yerləşən “Location” gecə klubunda baş verən partlayışda bir nəfər həlak oldu, onlarla şəxs isə müxtəlif dərəcəli bədən xəsarətləri aldı. Bəzilərinin sağlamlıq durumu bu gün də kirtikdir.

İlk baxışdan elə görünə bilər ki, biz nəyisə səhv deyirik: bu faciə hansı söz-söhbətlərə, ixtilaflara səbəb ola bilər? Ancaq olan oldu.

Ramazanla sovrulanlar...?

Dəqiq kimin bu fikri ilk söyləməsini aydınlaşdırmaq çətindir, bəlkə də, mümkünsüzdür. Amma sosial şəbəkələrdə bir qrup dindarın baş verən hadisəni İlahi ədalət kimi qələmə vermək cəhdi aranı qarışdırdı. Məsələ burasındadır ki, partlayış Ramazan ayına təsadüf etdi. Və İlahi ədalətin həmin gecə Bakının bu guşəsində təzahür etməsi iddiası da məhz bu bağlılığa əsaslanırdı.

Əsas leytmotiv isə belə idi: “Bəs bilmirdilər ki, belə mübarək ayda şərab içəndə, əxlaqsızlıqla məşğul olanda təpələrinə daş düşəcək? Lap əcəb olub! Bundan betəri olsun!”

Cavab özünü çox gözlətmədi. Dərhal dindar kəsim, ardından isə ümumiyyətlə, İslam hədəfə alındı, qarşılıqlı təhqirlər yağış kimi yağdı. Aralıq elə indi də gərgindir.

Bəs, yaxşı, kimdir haqlı? Doğurdanmı aprelin 3-ü gecə saatlarında Bakının “Location” klubunda toplaşanlar mübarək ayın güdazına getdilər?

Onlar günah əhlidir, amma...

Məsələyə dini nöqteyi-nəzərdən baxdığımız üçün, öncə elə İslamın mövqeyini qeyd edək. Ramazan ayı daxil olduqda özünü müsəlman hesab edən hər kəsə oruc tutmaq vacibdir və bu ay da digər 11 ayın sultanı, onlardan üstün sayılır. Səbəbi isə “Quran”ın Məhəmməd peyğəmbərə məhz bu ayın günlərinin birində, daha dəqiq, Qədr gecəsində nazil olmasıdır.

Və onu da deyək ki, şəriətə görə, məstedici içkilər qəbul etmək, eyş-işrət məclislərində iştirak etmək də böyük günahlardandır. Bu aspektdən yanaşdıqda birmənalı olaraq etiraf etməliyik ki, sözügedən gecə klubuna toplaşanlar da, ümumiyyətlə, analoji həyat tərzi sürənlər də islami nöqteyi-nəzərdən günah əhlidirlər və Allaha asi bəndələrdir. Amma...

Hədislər başqa mətləbdən xəbər verir

Bu yerdə dindar çevrədə tez-tez nəql olunan iki hədisi xatırlatmaq yerinə düşür.

Bir dəfə Musa peyğəmbər nahar etmək istəyir, amma özü ilə süfrədə əyləşəcək bir kimsə tapmır ki, onu qonaq etsin. Nəhayət bir nəfərlə rastlaşır və onu yeməyə dəvət edir. Qonaq yeməyə əlini uzatdıqda peyğəmbər ona ““Bismillah” de, Rəbbimizin adını çək” söyləyir. Cavabında qonaq Allahı tanımadığını və qəbul etmədiyini deyir. Musa qəzəblənərək onu qovur. Elə bu zaman Tanrıdan belə vəhy gəlir: “Qovduğun mənim bəndəm idi. Mən 60 ildir ki, ona ruzi verirəm. Bircə dəfə sənin ümidinə buraxdım, sən isə onu ac yola saldın”...

Bir başqa hədisdə isə buyurulur ki, Məhəmməd peyğəmbər səhabələri ilə yol gedərkən kənarda əyləşən yoxsulu görür. Müşayiət edənlərdən birini çağırıb tapşırır ki, o adama doyunca yemək versin, özü isə yoluna davam edir. Bir azdan səhabəsi ona çatır və peyğəmbər “onu doyuzdurdunmu?” sualını verir. Səhabə isə yol kənarında əyləşənin, sən demə, yəhudi olduğunu və bu səbəbdən də ona yemək vermədiyini bildirir. Peyğəmbərin cavabı belə olur: “Məgər mən sənə dedim ki, onun dinini öyrənəsən? Ya onun qarnını doyuzdurasan?”...

İslam səhv anlaşılanda

Belə nümunələr kifayət qədərdir. Təəssüf ki, bəzi dindarlar bu rəvayətləri söyləsələr də, dəfələrlə minbərlərdən eşitsələr də, əməldə tam əksini nümayiş etdirirlər. Və bu, heç də Azərbaycana aid məsələ deyil.

“İslam dövləti”, “Əl-Qaidə”, “Taliban” kimi terror qruplaşmaları məgər bütün cinayətkar və qanlı fəaliyyətlərini İslam donuna bürümürlərmi? Əslində sülh və barış olan bu din səhv təfsir edildiyinə görə dünyanın qeyri-İslam arealında zorakılıq dini kimi qəbul edilir. Səbəb isə savadsızlıq, bəsirətsizlik, qaragüruhluq, təfəkkürsüzlükdür.

Əlbəttə ki, artıq qeyd etdiyimiz kimi, gecə klubuna yığışanların mütləq əksəriyyəti dini tələbləri heçə sayanlardır. Ancaq partlayış qurbanlarının ünvanına sərt fikirlər səsləndirən dindarlar unutmamalıdırlar ki, hər hansı hadisənin əsl mahiyyətini yalnız Allah bilir. Əgər gecə klubundakı faciə İlahi qəzəb idisə, o zaman Pakistanda, Əfqanıstanda, Hindistanda cümə namazları zamanı törədilən terror aktlarını necə izah edək? Olmaya, Allah namaza gələn bəndələrini cazalandırır?

Dindar hələ “İslam” demək deyil

Bu məsələdə dindarlarla əks cəbhədə dayananların əksəriyyəti də hadisələrə adekvat davranmır. Anlamırlar və ya anlamaq istəmirlər ki, 5, 10, hətta 1000 dindarın səsləndirdiyi yanlış fikirlər ümumilikdə İslamın mövqeyini əks etdirmir. Eyni zamanda nəzərə almırlar ki, hər namaz qılan və yaxud oruc tutan peyğəmbər, məsum deyil.

Dindar kəsim arasında da müxtəlif dünya görüşünə, etika və tərbiyəyə malik, problemli ailələrdən çıxan, savad baxımından o qədər də irəli getməyi bacarmayanlar var. Eyni ilə cəmiyyətimizdə olduğu kimi. Belələri çox zaman İslamın tələb etdiyini deyil, öz nəfslərindən qaynaqlananları ortaya qoyurlar və buna da din donu geyindirməyə çalışırlar.

Odur ki, ümumiləşdirmək lazım deyil. Bu, səhv və qərəzli olmaqla yanaşı, həm də Allah dərgahında günahdır. Nəzərə alsaq ki, Azərbaycanda gündəlik həyatı şəriət qaydaları ilə tənzimləməməsinə rəğmən Allahın varlığını qəbul edən insanlar mütləq əksəriyyət təşkil edir, o zaman onlardan heç kimin bu mübarək ayda günaha bulaşmaq istəmədiyini söyləyə bilərik.

P.S. Sonda isə qeyd edək ki, dövlətimiz dünyəvi dövlətdir və hər kəs qanunlar çərçivəsində həyatını yaşamaqda azaddır. İstəyən məscidə gedir, istəyən isə gecə klubuna. Allah qatında kimin haqq, kimin isə nahaq olduğu bəllidir. Amma son hökmün sahibi də elə Allah özüdür. Heç bir bəndəyə Allahlıq etmək hüququ verilməyib.

Müəllif: Polad Xudayarlı