Qurban bayramında xüsusi məntəqələr istifadəyə veriləcək

Cəmiyyət

25.07.2019 - 12:50

Prosesə nəzarəti Agentliyin, yerli icra hakimiyyəti və hüquq-mühafizə orqanlarının  əməkdaşları həyata keçirəcək

 

Qida Təhlükəsizliyi Agentliyi tərəfindən bayram günlərində ölkə ərazisində qurbanlıq heyvanların kəsiminin baytarlıq-sanitariya və gigiyena normalarına cavab verən stasionar və çadırtipli heyvan kəsimi məntəqələrində aparılması həyata keçiriləcək.

 

Qida Təhlükəsizliyi Agentliyindən AYNA-ya verilən məlumata görə, bu məqsədlə bayram günlərində 44 stasionar heyvan kəsimi məntəqəsi və 30 çadır tipli kəsim yeri  lazımi avadanlıqlar ilə təmin edilərək, vətəndaşların ixtiyarına veriləcək.

 

Paytaxtda və Respublikanın müxtəlif bölgələrində qurulması nəzərdə tutulan çadırtipli kəsim məntəqələri 3 hissədən ibarət olacaq. Birinci hissədə heyvanın kəsimi, ikinci hissədə soyulması, üçüncü hissədə isə doğranması prosesi tamamilə sanitariya-gigiyena tələblərinə uyğun həyata keçiriləcək.

 

Sözügedən kəsim yerlərində ətin baytarlıq-sanitariya ekspertizasının aparılması məqsədi ilə Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun səyyar laboratoriyaları vətəndaşlara ödənişsiz xidmət göstərəcək.

 

Çadırtipli kəsim məntəqələri dezinfeksiya oluna bilən, tozun qarşısını alan xüsusi materialdan hazırlanıb. Məntəqənin daxili döşəməsi drenaj sistemi ilə təmin edilib ki, bu da kəsim zamanı heyvanın qanı və digər axıntıların  kanalizasiya vasitəsilə kənarlaşdırılmasına, nəticədə ətraf ərazilərin çirklənməsinin qarşısının alınmasına imkan verəcək. Çadırtipli kəsim məntəqələri heyvanın kəsilməsi, soyulması və doğranmasına qədər bütün prosesi həyata keçirmək üçün paslanmayan metallardan hazırlanan, gigiyenik tələblərə uyğun lazımı avadanlıqlarla təchiz edilib.

 

Çadırın yaxınlığında heyvanın dərisi və digər tullantıların daşınması üçün nəzərdə tutulan xüsusi konteynerlər qoyulacaq və həmin tullantılar ərazidən daşınacaq. Prosesə nəzarəti Agentliyin, yerli icra hakimiyyəti və hüquq-mühafizə orqanlarının  əməkdaşları həyata keçirəcək.

 

Qeyd edək ki, agentlik Qurban bayramında heyvan kəsimini həyata keçirən şəxslərə müraciət edərək, şəhərimizin küçələrində və yol kənarlarında antisanitar şəraitin yaradılmaması üçün onları heyvan satışı və kəsimini baytarlıq-sanitariya və gigiyena normalarına cavab verən stasionar heyvan kəsimi məntəqələri və çadırtipli kəsim məkanlarında həyata keçirməyə çağırır.

Müəllif: Ayna.az